Əflatun Amaşov: "Bu Azərbaycan jurnalistikasında yeni dövrün başlanğıcı olacaq"
5 Mart 2014 13:31 (UTC+04:00)
"Bakalavriat və magistratura pillələrində jurnalistika sahəsini
seçmək istəyənlərin qabiliyyət imtahanından keçirilməsi Azərbaycan
jurnalistikasında yeni dövrün başlanğıcı olacaq".
Bu sözləri Movqe.az-a açıqlamasında
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov söyləyib. Ə.
Amaşov bildirib ki, jurnalistika ixtisası üzrə ali məktəblərə qəbul
qaydalarında baş verəcək bu dəyişiklik peşəkar jurnalistikanın
inkişafına töfvə verəcək: "Biz bu məsələni ölkə başçısı ilə görüşdə
də qaldırmışdıq. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası rəhbərliyi
ilə Azərbaycan Mətbuat Şurasının işçi qrupu arasında bakalavriat və
magistratura səviyyələrinə qəbul zamanı jurnalistika ixtisası üzrə
qabiliyyət imtahanlarının tətbiq olunması mövzusunda müzakirə
keçirildi. Əvvəllər jurnalistikanı seçən və təsadüfən bu ixtisasa
düşənlərin bacarıqlarının aşağı səviyyədə olmasından
şikayətlənirdiksə, yaxın vaxtlarda bu problem öz həllini tapmış
olacaq. Jurnalistika ixtisasını seçənlərin qabiliyyətinin
yoxlanılması bu sahədə bacarıqlı kadrların yetişməsinə şərait
yaradacaq. İxtisas seçimi zamanı jurnalistikanı seçənlərin sayının
artması təhsil proqramlarında da dəyişikliklərə gətirib
çıxardacaq".
Xatırladaq ki, dünən Azərbaycanda jurnalistika ixtisası üzrə ali
məktəblərə qəbul qaydalarının dəyişdirilməsi məqsədilə müzakirələr
aparılıb.Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilən məlumata
görə, komissiya rəhbərliyi ilə Azərbaycan Mətbuat Şurasının işçi
qrupu arasında bakalavriat və magistratura səviyyələrinə qəbul
zamanı jurnalistika ixtisası üzrə qabiliyyət imtahanlarının tətbiq
olunması mövzusunda növbəti müzakirə keçirilib. Müzakirələrin
nəticəsi olaraq jurnalistika ixtisasına bakalavriat və magistratura
səviyyələri üzrə qəbulda bir sıra yeniliklərin edilməsi nəzərdə
tutulur.Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə
keçirilən qəbul imtahanının I mərhələsindəki nəticələri müsabiqə
şərtini ödəyən bütün bakalavrlara ixtisasından asılı olmayaraq
jurnalistika ixtisası üzrə müsabiqədə iştirak etmək imkanı
veriləcək. Bu zaman bakalavrlar internetlə müvafiq sorğu anketini
dolduracaq, daha sonra isə TQDK tərəfindən təşkil olunacaq müsabiqə
komissiyası tərəfindən keçirilən müsahibədə iştirak edəcəklər.
Müsahibədən müvəffəqiyyətlə keçənlər jurnalistika ixtisaslaşması
üzrə olan proqramı seçərək imtahanda iştirak edəcəklər. Həmin
imtahanda onlar təqdim olunacaq mövzu üzrə yazı işi yerinə
yetirəcəklər. Bu mərhələdə müsabiqə şərtini ödəyənlər ixtisaslaşma
seçiminə buraxılacaqlar.Nəzərdə tutulan digər yeniliyə əsasən, ali
təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbulda jurnalistika
ixtisasına qəbul olmaq arzusunda olan abituriyentlər ərizə qəbulu
mərhələsində internetlə sor ğu anketi dolduraraq qeydiyyatdan
keçəcəklər. Həmin abituriyentlərdən III ixtisas qrupu üzrə test
imtahanının nəticələrinə əsasən müvafiq müsabiqə şərtlərini ödəyən
abituriyentlər təqdim olunacaq mövzu üzrə inşa yazı işi yerinə
yetirəcəklər. Bu mərhələdən uğurla keçən abituriyentlər ixtisas
seçimi zamanı digər ixtisaslarla yanaşı, jurnalistika ixtisasını da
seçə biləcəklər.