Yalançı endirim kampaniyaları hələ də sona çatmır

5 Mart 2014 16:17 (UTC+04:00)

Görülən tədbirlərə baxmayaraq, hələ də bəzi mağazaların yalançı endirim kampaniyaları davam etməkdədir. Elə bu günlərdə də Bakının Nəsimi rayonunda fiziki şəxs Cəfərov Seymur Teymur oğluna məxsus mağazada aparılan yoxlama zamanı qeyri-dəqiq reklamdan istifadə edilməklə, istehlakçıların aldadılması halları müəyyənləşdirilib. Belə ki, mağazanın pəncərələrində "Endirim 30%, 60%" məzmunlu reklamlar yerləşdirilsə də, mağazada satışda olan malların qiymətinə endirim tətbiq edilmədiyi, malların üzərində endirimin tətbiqi barədə heç bir məlumatın əks olunmadığı müəyyən edilib. Bundan başqa, qeyd olunan reklamların aidiyyəti strukturlardan icazə alınmadan yayımlandığı da aşkar olunub. Ümumiyyətlə, bu qəbildən olan məlumatlara tez-tez rast gəlinir. 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə,  rəhbərlik etdiyi quruma istehlakçlar tərəfindən yalançı endirim kampaniyaları, aldadılma halları ilə bağlı tez-tez şikayət məktubları daxil olur. Elə bu yaxınlarda quruma müraciət edən bir vətəndaşın sözlərinə görə, o üzərində yüksək endirimlər edildiyi yazılan bir mağazaya daxil olub. Sonradan məlum olub ki, yazılan böyük endirimlər mağazadakı bütün mallara deyil, yalnız pul qablarına aiddir. Sədrin sözlərinə görə, onlar belə halları dəfələrlə müşahidə ediblər: "Qeyd edim ki, bir neçə dəfə belə hallara müşahidə etmişik. Demək olar ki, hər gün istehlakçılar tərəfindən bu cür şikayətlər qurumumuza daxil olur. Belə hallar yaşanır: çöldə endirim yazılır, alıcı içəri daxil olub malı seçəndən sonra satıcı deyir ki, endirim bu mala aid deyil. Və ya vətəndaş endirim kampaniyasından malı alır, sonradan rənginə, ölçüsünə görə və s. səbəblərdən xoşuna gəlməyəndə qaytarmaq istəyərkən müdiriyyət deyir ki, endirimlə satılan mallar geri qaytarıla bilməz. Bu kimi hallar qanuna tamamən ziddir. 

Əslində, hər bir halda vətəndaş bəyənmədiyi məhsulu geriqaytarmaq hüuquqna malikdir. Nazirlər Kabinetinin 80 saylı qərarına görə bütün malların üzərində məsul şəxsin imzası olan yarlıq olmalıdır. Amma buna baxmayaraq, bu gün bazarda olan malların 80%-in üzərində belə rəsmi sənəd yoxdur. Ya qiymətlər var, amma yalançı qiymətlərdir və buna görə heç kəs məsuliyyət daşımır, ya da ki, ümumiyyətlə, yarlıq olmur. İstehlakçıların hüquqlarının müdafiəsi haqda qanuna əsasən, istehlakçı malın istənilən sənədini, eləcə də qiymət sənədini tələb edə bilər. İstehlakçılara məsləhətimiz budur ki, hüquqlarından düzgün istifadə etsinlər". 

Belə bir təklif də irəli sürülür ki, yalançı endirim kampaniyası edərək əhalini alddan mağazalar bağlansın. Bəlkə də bu sərt addım belə halların qarşısını birdəfəlik alardı. Lakin AİB sədri bunun düzgün olmadığını düşünür: "Mağazaları yalnız orda insan həyatı üçün təhlükəli nəsə olarsa, bağlamaq olar. Yalançı reklam kampaniyaları üçün cərimələr tətbiq edilməli, cəza tədbirləri görülməlidir. Buna qarşı bazar yolları ilə mübarizə aparılmalıdır. Amma onların tamamilə bağlanmasının tərəfdarı deyilik. Çünki, istehlakçıların seçim hüququ daim geniş formada qalmalıdır".  

Azərbaycan qanunvericiliyində istehlakçıların hüquqlarının qorunması ilə bağlı bir boşluq olduğunu düşünən hüquqşünas Eldar Qocayev  bu sahədə ciddi işlərin görülməli olduğunu bildirir: "Təəssüf ki, bu sahədə qanunvericilik kifayət qədər mükəmməl səviyyədə deyil və hüquqşünaslar arasında da bununla bağlı fikir ayrılığı var. Söhbət ondan gedir ki, burda istehlakçının aldadılması halı baş verir.  Azərbaycan Respublikasının haqsız rəqabət haqda  qanunu məhz bu cür  istehlakçıların çaşdırılması hallarına aiddir.  Burda istehlakçıların çaşdırılması halları da sadalanır. Lakin bu qanunda məhz yalançı endirim kampaniyaları istehlakçının aldadılması kimi qeyd olunmayıb.  

Məsələnin digər tərəfi istehlakçıların hüquqlarının müdafiəsi haqda qanunla bağlıdır. Həmin qanuna əsasən, istehlakçının aldığı hər bir məhsul haqqında real məlumat almaq hüququ var. Amma orda da endirim haqqında heç bir şey deyilmir. Əslində, hər bir vətəndaş bilməlidir ki, məsələn, endirimə düşən bir paltarın endirimdən əvvəlki qiyməti nə qədər olub. Bu yarlıqda öz əksini tapmalıdır. Amma bir çox hallarda belə olmur. 

Eyni zamanda Azərbaycan Respublikasının Mülki Məcəlləsində pərakəndə satışla bağlı maddələr var ki, orda endirimlə əlaqəli konkret olaraq müddəlar yoxdur. Amma bu o demək deyil ki, yalançı endirim kampaniyası ilə insanları aldatmaq qanun pozuntusu deyil. Çünki burda bir insandan yox, ictimai ittihamdam söhbət gedir. Mağaza sahibi vitrində yalançı endirim kampaniyası elan eləməklə tək bir nəfərə yox, ictimaiyyətə  kütləvi səhv məlumat ötürmüş olur. Elanı görən vətəndaş  içəri daxil olur. Əgər malın üzərində qiymət 50 manat yazılıbsa, düşünür ki, əvvəl qiymət 100 manat imiş. Və məhsulu yarı qiymətə aldığına sevinir. Halbuki malın üzərində əvvəlki qiymət yazılmadığı halda alıcı aldadıla da bilər. Bu, qanun pozuntusudur. Vətəndaşların aldadılması halları ilə bağlı dəfələrlə mübarizə tədbirləri həyata keçirilib. Amma görünür, bunlar kifayət etmir. Sərt cəzalandırma tədbirləri üçün konkret qanun müddəaları olmalıdır.  İtehlakçıların hüquqlarının qorunması haqda müddəalar həm istehlakçıların hüquqları haqda qanunda, Mülki Məcəllədə, eyni zamanda İnzibati Xətalar Məcəlləsində və s. öz əksini tapmalıdır".  

Mağazaların birdəfəlik bağlanması təklifini isə hüquqşünas da düzgün hesab etmir. Belə ki, E.Qocayev bunu sahibkarlığı "öldürən" bir addım kimi qiymətləndirir: "Hər yalançı endirim həyata keçirən mağazanı bağlamaq olmaz. Çünki, onlar da sadəcə olaraq, ictimai şüurun, düşüncənin qurbanı olublar. Belə mağazaların birdəfəlik bağlanması sahibkarlıq fəaliyyətini "öldürən" bir addım olardı. Ona görə də mən buna düzgün baxmıram. Mağazaya cərimə verilə bilər, dövriyyəsində müəyyən məhdudiyyət qoyula bilər. Amma onu bağlamaq qanunla da göstərilməyib. Bunun üçün ciddi əsaslar  olmalıdır. Bu, bütün dünyada belədir".