Müşfiqabad məscidinin yeni imamı: “Məsciddən Suriyaya döyüşə göndərilmə hallarının olması barədə məlumatımız var”

5 Mart 2014 17:23 (UTC+04:00)

 "Məsciddə bizə qədər başqa niyyətli insanların toplaşması, Suriyaya döyüşə göndərilmə hallarının olması ilə bağlı bizdə də məlumat var".

 

Bunu APA-ya açıqlamasında Müşfiqabad məscidinə yeni təyin olunan imam Şaiq Əliyev bildirib.

 

O qeyd edib ki, məsciddə fəaliyyətlərinin məqsədi dövlətçiliyin keşiyində durmaq, bura toplaşanların dövlətçiliyi dərk etməsi, normal ibadətlərini davam etdirməsi olacaq: "İndiyə qədər məsciddən "Cihad" adı altında Suriyaya insanların göndərilməsi ilə bağlı bizdə də məlumat var, bilirik. Bütün hallarda artıq hər şey bizim nəzarətimiz altındadır və ən azı indən belə bu hal olmayacaq. İndiyə kimi olan hallarla bağlı, keçmiş imam Mübariz Qaçayev və onun ətrafında olanlarla bağlı iddialar varsa, təbii ki, müvafiq qurumlar tərəfindən araşdırma aparılmalıdır və aparılır. Biz bu məsələdə müşahidə apara bilərik, yalnız işimizi görə bilirik. Amma istər yeni təyinatdan sonra təhvil-təslimdə, istərsə indiyə qədər olan camaat namazlarında Mübariz Qaçayev can-başla bizə dəstək oldu, bizimlə birgə namazlarını qılıb, ibadətini etdi".

 

Məscidin yeni imamı bildirib ki, hazırda məscidə bütün təriqətə mənsub olan müsəlmanlar gəlirlər: "Məscid hər kəsin üzünə açıqdır. Bura "vəhhabi" deyilənlər də, özünü "xəvvarici", "sələfi" adlandıranlardan da gəlirlər. Lakin istər xaricə cihad adı altında getmək üçün insanları təhrik etmək, istərsə də digər başqa niyyətdə olanlar artıq yeni təyinatdan sonra məscidə gəlmirlər. Bizə qədər bura olduqca müxtəlif məqsədli insanlar gəlirmiş, toplaşırmışlar. İndi onlar məscidin başqa niyyətlərin baş tutmaması üçün nəzarət altında olduğunu hiss edirlər, bura gəlmirlər. Onlar artıq özlərini məscidə, bizə yad hesab edirlər".

 

Qeyd edək ki, məsciddə fəaliyyət göstərmiş keçmiş icma və keçmiş imam Mübariz Qaçayev azərbaycanlıların Suriyaya döyüşlərə göndərilməsinin təşkilində də ittiham olunur. Bu iddialardan sonra burada fəaliyyət göstərən icmanın fəaliyyəti dayandırılıb, imamı istefa verib. Bundan sonra Müşfiqabad qəsəbə məscidində yeni dini icma yaradılıb və dövlət qeydiyyatına alınıb. Qafqaz Müsəlmanları İdarəsi tərəfindən məscidə yeni imam təyin edilib.