Ədliyyə naziri vətəndaşlarla görüşdü

5 Mart 2014 20:31 (UTC+04:00)

Nazir Şamaxı şəhərində, Qobustan, Ağsu və digər rayonlarda yaşayan vətəndaşların qəbulunu keçirib

Ədliyyə naziri Fikrət Məmmədov vətəndaşlarla görüşüb. 


Nazirlikdən Ans press-ə verilən məlumata görə, martın 5-də ədliyyə naziri bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Şamaxıda Heydər Əliyev Mərkəzində Şamaxı şəhərində, Qobustan, Ağsu və digər rayonlarda yaşayan vətəndaşların qəbulunu keçirib. Vətəndaşların rahatlığının təmin edilməsi üçün nazirin qəbuluna yazılış qabaqcadan başlanılıb. Nazirliyin elektron xidmətlər portalında xüsusi olaraq birbaşa yazılmaq imkanı yaradılıb.


Qəbuldan əvvəl nazir Fikrət Məmmədov və Şamaxı Şəhər İcra Hakimiyyətinin başçısı Asif Ağayev ümummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.


Gün ərzində aparılmış qəbul zamanı ədliyyə və məhkəmə fəaliyyəti, habelə digər müxtəlif məsələlər ilə bağlı hər bir vətəndaş diqqətlə dinlənilib. Müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb, digər müraciətlər üzrə qəbulda iştirak edən nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.


Eyni zamanda, ədliyyə və məhkəmə fəaliyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərə baxılıb, onların araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunub.