Lökbatanda qazdan kütləvi zəhərlənmənin səbəbi bəlli oldu
6 Mart 2014 09:56 (UTC+04:00)
"Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində qazdan kütləvi
zəhərlənmə hadisəsinin baş verməsi ilə bağlı araşdırmalar aparılır.
Zəhərlənməyə ilkin ehtimal kimi qazın tərkibinə vurulan aderant
maddəsinin miqdarının normadan artıq olması göstərilir. Amma hələki
hadisə yerində baş verən ölüm faktına da məhz qazdan zəhərlənmənin
səbəb olduğu dəqiq məlumat deyil". Bu sözləri Movqe.az-a açıqlamasında Azəriqaz İstehsalat Birliyinin
mətbuat xidmətinin rəhbəri Araz Ağayev dünən gecə Bakının Qaradağ
rayonunun Lökbatan qəsəbəsinin Vilayət Əsgərov küçəsində 4
beşmərtəbəli yaşayış binasında qazdan kütləvi zəhərlənmə hadisəsinə
münasibət bildirərkən söyləyib. Azəriqaz rəsmisi bildirib ki,
adernat adlı maddə mavi yanacağın tərkibinə həmişə vurulur: "Qaz
qoxusuz olduğundan bu maddə qazın tərkibinə vurulur ki, iyi hiss
olunsun. İlkin ehtimallar odur ki, bu maddə normadan artıq
vurulduğundan zəhərlənməyə yol açıb. Amma hadisə yerində əhali də
xofa düşmüşdü. Hələki araşdırmalar davam edir".
A.Ağayev mavi yanacağın verilişinin dayandırılmasına da aydınlıq
gətirib.: "Birləşmə zamanı müvəqqəti həmin binalara qaz
verilişi məhdudlaşdırılıb. Qazın verilişi dayandırılıb sonra
verilib. Həmin binalar da qaz xətinin sonunda yerləşir. Ola bilər
bu səbəbdən həmin binalarda zəhərlənmə olub. Bütün qəsəbəyə eyni
xətdən qaz verilir. Amma bura hansısa səmt qazının yönəldilməsindən
söhbət gedə bilməz. Hərə bir versiya irəli sürür. Hər kəsə aydındır
ki, burada hadisənin baş vermə səbəbi adrenat adlı maddənin qazın
tərkibinə normadan artıq vurulması ilə bağlıdır".
A. Ağayev Azəriqaz İB-nin qazı SOCAR-ın Qaz İxrac İdarəsindən
aldığını söyləyib. Qeyd edək ki,Qaz İxrac İdarəsinin fəaliyyəti
Əməliyyat Şirkətləri, "Şahdəniz" və AÇG yataqlarından hasil olunan
qazın qəbulu, ARDNŞ-ə məxsus qaz həcmlərinin xarici bazarlarda
satışının təmin edilməsi, bağlanmış müqavilələrinin yerinə
yetirilməsi, dünyanın yanacaq-energetika bazarında Azərbaycanın
rolunun artırılması, qaz idxal edən dövlətlərə etibarlı və sabit
şəkildə qazın təchiz olunması, ixrac marşrutlarının
diversifikasiyası və qaz tədarükünün coğrafi arealının
genişləndirilməsindən ibarətdir. İdarədən Movqe.az-a bildiriblər
ki, ARDNŞ-nin Qaz İxrac İdarəsi qarşısında qoyduğu vəzifələri
həyata keçirərək, Gürcüstana, İran İslam Respublikasına və Rusiya
Federasiyasına ixrac olunan, eyni zamanda İran İslam
Respublikasının ərazisi ilə Naxçıvan Muxtar Respublikasına (swap
əməliyyatı) təchiz olunan qazın təhlükəsiz və səmərəli ixrac-idxal
olunmasını və çatdırılma məntəqələrində təhvil-qəbul
əməliyyatlarının aparılmasını təmin etməkdədir. İdarə hal-hazırda
ölkədən kənara üç məntəqədən - "Qərb qaz sahəsi"ndən Gürcüstana,
"Şimal qaz sahəsi"ndən Rusiya Federasiyasına və swap məqsədi ilə
"Cənub qaz sahəsi"ndən İran İslam Respublikasına qaz ixracını, eyni
zamanda Naxçıvan Muxtar Respublikasının təbii qazla təchiz olunması
məqsədi ilə İran İslam Respublikasından "Culfa qaz sahəsi"
vasitəsilə qaz idxalını həyata keçirir. AÇG-dən hasil olunan səmt
qazı və "Şahdəniz" yatağından qəbul olunan qaz həcmləri Səngəçal
Baş Qurğuları qaz sahəsində qəbul olunaraq, dövlətlərarası qaz
ölçmə stansiyalarında ixrac olunan ölkələrin nəql sisteminə
ötürülür. Qaz ölçmə məntəqələrində həyata keçirilən əməliyyatlar
beynəlxalq standartların tələblərinə cavab verən qaz sərf ölçmə
cihazları və qazın keyfiyyətinə nəzarəti təmin edən müasir
avadanlıqlarla təchiz olunmuş müvafiq laboratoriyalarda aparılır.
Qaz İxrac İdarəsi fəaliyyətin beynəlxalq idarəetmə standartlarına
uyğun təşkil edilməsi, işin keyfiyyətinin artırılması, texniki
sənədlərin təkmilləşdirilməsi və onların dünya standartlarına
uyğunlaşdırılmasını nəzərdə tutan İSO 9001:2008 (İdarəetmə
sistemi), İSO 14001:2004 (Ətraf mühitin idarəetmə sistemi) və OHSAS
18001 (Əməyin mühafizəsi və təhlükəsizliyin idarəetmə sistemi)
beynəlxalq standartların sertifikatlarına sahibdir. İdarədə yerli
və xarici şirkətlərin ixtisasartırma kurslarını müvəffəqiyyətlə
başa vurmuş yüksək ixtisaslı işçi kollektivi çalışır: " İdarədən
abonentlərlə işləmir. Adrenatı qazı Qaz İstismar İdarələri
vurur".
Xatırladaq ki, dünən gecə baş verən hadisə zamanı Lökbatan qəsəbəsi üzrə 19 saylı Şəhər Birləşmiş
Xəstəxanasının təcili yardım şöbəsindən verilən məlumata görə,
zəhərlənmə ilə bağlı müraciət edən 80 nəfər xəstəxanada qeydiyyata
düşüb. Onların əksəriyyətinə ilkin tibbi yardım göstərildikdən
sonra evə buraxılıblar. Sakinlərin bildirdiklərinə görə, hadisə baş
verən əsnada qəsəbə sakini, 45 yaşlı Natalya Məmmədovanın halı
pisləşib.Ailə üzvləri dərhal təcili tibbi yardım çağırsalar da,
qadının həaytını xilas etmək mümkün olmayıb. Ailə üzvləri onun evdə
yatmış vəziyyətdə dünyasını dəyişdiyini bildiriblər. Bakı şəhəri
Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Lökbatan
qəsəbəsində yerləşən 15 saylı köməkçi Yardım Stansiyasından faktı
təsdiqləyiblər. Stansiyadan bildirilib ki, N. Məmmədovanın qaz
zəhərlənməsindən və ya başqa bir xəstəlikdən dünyasını dəyişdiyi
ekspertizanın nəticələri bəlli olduqdan sonra
müəyyənləşəcək