Təhsil Problemləri İnstitutunun strukturu yenidən formalaşdırıldı

6 Mart 2014 12:40 (UTC+04:00)
Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov "Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun strukturunun yeni redaksiyada təsdiq olunması barədə" əmr imzalayıb. Movqe.az Təhsil Nazirliyinin saytına istinadən xəbər verir ki, əmr Təhsil Problemləri İnstitutunun (TPİ) fəaliyyətinin təkmilləşdirilməsi məqsədinə xidmət edir. Əmrdə ixtisara düşmüş ştatlarda çalışan işçilərin peşəkarlıq səviyyələri və təcrübələri nəzərə alınmaqla, onlara TPİ-də ixtisaslarına uyğun vakant vəzifələrin təklif edilməsi nəzərdə tutulub. Əmrə əsasən, TPİ-nin yeni strukturunda katiblik, 18 şöbə, 1 sektor və elmi kitabxana fəaliyyət göstərəcək. Ümumi təhsilin və məktəbdənkənar təhsilin kurikulumu, Monitorinq və qiymətləndirmə, həmçinin Peşə ixtisas təhsili şöbələrinə daha çox ştat vahidi verilib. "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda yeni dərsliklərin yaradılması, şagird və müəllimlərin müvafiq dərslik seçiminin təmin olunması, ümumi orta təhsil səviyyəsində hər bir şagirdin elektron dərsliklərlə yüklənmiş kompüter-planşetlə təmin olunması baxımından bir sıra əhəmiyyətli məsələlər nəzərdə tutulub. Təhsil Nazirliyinin dərslik siyasəti sahəsində həyata keçirdiyi islahatların səmərəliliyinin artırılması üçün institutda Dərslik və dərs vəsaitlərinin metodologiyası şöbəsi yaradılıb. TPİ-nin yeni strukturunda təsərrüfat hesablı struktur bölmələrin də fəaliyyəti nəzərdə tutulub.