SOCAR-dan zəhərlənmə açıqlaması

6 Mart 2014 13:10 (UTC+04:00)
ARDNŞ ötən gün Qaradağ rayonu, Lökbatan qəsəbəsində baş vermiş zəhərlənmə faktı ilə baölı məlumat yayıb. Qurumdan ANS PRESS-ə verilən məlumata görə, martın 5-də, səhər saat 10.30-da cari təmir işləri ilə əlaqədar olaraq Bakının Lökbatan qəsəbəsinə gedən boru xəttində qaz təchizatı dayandırılıb. Həmin gün saat 18.00 radələrində təmir işləri başa çatdırılmış və xəttə təbii qazın verilişi bərpa olunub. Mövcud normativlərə əsasən, qaz sızmasının vaxtında aşkar edilməsi və itkinin qarşısının alınması məqsədi ilə "mavi yanacağ"ın tərkibinə vurulan kəskin qoxulu odarant maddəsinin təsirindən Lökbatan qəsəbəsində V.Əskərov küçəsindəki bir neçə yaşayış binasının sakinlərində ürəkbulanma halları müşahidə olunub. Baş vermiş hadisə ilə əlaqədar ARDNŞ-də mütəxəssislərdən ibarət komissiya yaradılıb və araşdırma işlərinə başlanılıb. Hazırda Komissiya tərəfindən baş vermiş kütləvi ürəkbulanma hallarının mümkün səbəbləri ilə əlaqədar bir neçə versiya üzərində iş aparılır. Komissiyanın yekun rəyi hazır olan kimi ictimaiyyət üçün açıqlanacaq. ARDNŞ bildirir ki, şirkətin və Fövqəladə Hallar Nazirliyinin birgə qərarına əsasən, Azərbaycan ərazisində mövcud olan bütün qazpaylayıcı stansiyalarda odarant qurğuları quraşdırılmalıdır. Hazırda ölkə üzrə istismar olunan 205 qazpaylayıcı stansiyadan 178-ində belə qurğular quraşdırılıb. ARDNŞ tərəfindən sonuncu dəfə alınmış bu qurğulardan biri də Lökbatan qəsəbəsində quraşdırılıb. Nüfuzlu mütəxəssislərin rəyinə əsasən, odarant (metilmerkartan və onun homoloqu etilmerkaptan) qoxusu olmayan, insan orqanizminə və ətraf mühitə təhlükə yaradan, partlayış verə bilən qazların sızmasını tez müəyyən etmək üçün bu qazlara qarışdırılan qoxu verən maddədir. Odarantın qazlara qarışdırılması müəyyən qatılıqda aparılır. Məişətdə istifadə olunan təbii qaz qoxusuz olduğuna görə təhlükəsizlik baxımından bu qazlara qarışdırılan odarantlar (metilmerkartan və onun homoloqu etilmerkaptan) rəngsiz və kəskin iyli, havadan 1,7 dəfə ağır olan qazlardır. Yaşayış zonalarında odarantın havada buraxıla bilən qatılıq həddi 0,00001 mq/m3-dir. Bu maddənin havada konsentrasiyası 20 mq/m3 olduqda insan orqanizmi üçün heç bir təhlükəli təsiri yoxdur, zəhərlənmə yaratmır, sadəcə ürəkbulanma yarada, nəfəs yollarını qıcıqlandıra bilər. Odarantın insan orqanizminə ciddi təsiri halları qeydə alınmamışdır. Bu maddə qaz yanarkən tam yanır.