Uran: " Etiraf edirəm ki, yaxşı insan deyiləm " - MÜSAHİBƏ - FOTOLAR

7 Mart 2014 14:03 (UTC+04:00)

Bugünkü müsahibim sevimli repçi Urandır. Mövqe.az-a müsahibə verən Uranı bir daha tanıyaq :

- İbrahim İbrahimov, sonradan Mr İb və Uran ləqəbləri ilə tanındı. Çoxusu hələ də adınızın İbrahim olduğundan xəbərsizdi...

- İbrahim İbrahimov doğulandan olan ad, soyadımdır. O birilər isə yaradıcılıq dövründə istifadə etdiyim ləqəblərdi. Mr İb ləqəbi "Uran" qrupunda iştirak edən zaman istifadə etdiyim ad idi. Sonradan qrup dağıldı və mən öz fikirləşdiyim qrupun adını öz üzərimə götürdüm. Beləliklə də hər kəs məni Uran kimi tanıdı. İdeya mənim idi və sadəcə istəmədim bu ad arada itsin.

- Nə vaxt düşündüz ki, mən də artıq rep yazmalıyam ?

- 2000 - ci il olardı. Cəhd etdim alındı. Repdən əvvəl müxtəlif formalı şeirlər yazırdım, qəzəl yazmağa çalışırdım. Rep yazandan sonra düşündüm ki, artıq bu tam mənlikdi. Bəlkə də içimdə olan hər hansısa sıxıntı məni rep yazmağa vadar edib. Onu artıq dəqiq deyə bilmirəm. Sadəcə rep özünü ifadə vasitəsidir ...

- Azərbaycanda bugünkü rep əvvəlkindən və dünya repindən necə fərqlənir ?

- 10 il bundan qabaq Azərbaycanda olan replə indiki dünya repinin vəziyyəti tamamilə, yerlə göy qədər fərqlənir. Bu da məntiqi bir şeydir. Azərbaycan da bu gün də rep var. Hətta deyərdim ki, bu gün undergraund çiçəklənmə dövrünü yaşayır. Bu da sevindiricidir.

- Azərbaycan repinin dünya repinə inteqrasiyası yolunda Uran bu gün nə edir ?

- Heç nə ... Oturub, Bakıda yazı yazıram (gülür-red) Bu da mənim inteqrasiyamdır.

- Düşünürsüzmü ki, sizə qarşı olan tələbat, istək yüzdə yüz bugün də özünü qoruyub, saxlaya bilib ?

- Cümlələr həddindən artıq mürəkkəbdir, suallar olduqca qəlizdir. Məncə, bazar boşdur, rəqabət çox azdı. Nə qədər ki, hər şey eynidir, rəqabət yoxdu. Fərqlilik yaranandan sonra rəqabət də olacaq. Həmin rəqabət indi undergroundda var .

- Rep aləmində rəqibiniz ?

- Mənə belə suallar verməyin. Mən bir neçə il əvvəl, daha doğrusu bu gün qərar verdim ki, belə suallara cavab verməyim. (gülür-red) Əsas nəticədir . Nəticə də həmişə göz önündə olur. İnsanların belə şeyə marağı var. Amma məna görə bilmirəm. Biri digərini rəqib adlandırsın, kimlərəsə bu ləzzət etsin və "Əla, əla" deyib, alqışlasınlar. Bu iş deyil. Bu boş danışıqdı.

- 2006-cı ildə "Hip-hop" şoudan sonra bir müddət yoxa çıxdınız. Bu nə ilə bağlı idi ?

- Bu hərbi orduda xidmətimlə bağlı idi. Hansıki bir başa şəxsi həyatıma təsir göstərirdi. O üzdən yoxa çıxdım. Ancaq olmamağımı yaxşı dəyərləndirə bildim. Həmin vaxt " Sən mənim sirrimsən", " Körpələrə pis nümunə olmayaq", "Yaşasın ya ölsün", " Milli düşüncələr və gənclər", "Səninlədir bu qaqaş" kimi replərim yazıldı. Sonra 2007-ci ildə "Mən də varam 3" oldu və həmin treklərin orada yayımlandı.

- Çox gənc yaşlarınızda uğur qazandınız. Bu uğur Uran üçün nə demək idi ?

- Normal bir şey idi. Həmişə içimdə inam var. Addımı atıramsa deməli içimdə o işin alınacağına dair böyük inam olur ki, alınacaq. Məqsədə nail olmaq üçün addımlayıram və çox zaman da qazanıram.

- Qarşıda hansı məqsədləriniz var ki, onlara hələ nail olmamısınız ?

- Repin sərhədlərini genişləndirmək, yazı stilimi dəyişmək istəyirəm. Arada bir iki abzaslıq hekayə yazıram. Onların ədəbiyyatda janrını da heç bilmirəm. Amma yazıram...Daha böyük işlər görməyi düşünürəm.

- Əvvəllər uran.az adlı saytınız da var idi. Amma deyəsən indi fəaliyyətini dayandırıb...

- Keçən il aprel ayında albomum çıxdı. Açıq mikrafon... Biz onu internetdə təqdim etdik. 60-70 min yükləmə oldu. Həmin zaman sayt köçürülmüşdü açıqmikrafon.com saytına... İndi biz yükləməni dayandırmışıq. Tezliklə sayt yeni dizaynda, yeni yaradıcı işlərimlə fəaliyyətə başlayacaq.

- Dinləyib, doymadığınız trekiniz hansıdı ?

- Açıq mikrafon 2. Öz treklərimə hərdən avtomobildə olan zaman qulaq asıram. Bəzən bir alboma bütünlüklə qulaq asıram. Amma bu həmin günlərə qayıtmaqla bərabər bu gün nə kimi dəyişiklik etməyə ehtiyac var deyə düşünməkdə əsas olur.

- Sizə sehirli pozan versək rep aləmindən kimi silərdiniz ?

- (gülür-red) Mənə sehirli pozan versələr, sehirli çubuq istəyəcəm.

- Onu da versələr...

- (gülür-red) Niyə yox etməliyəm axı...(düşünür-red)  Turqut Məmmədlini. O, mənim dostumdu və prodüsserimdi. Turqut məni bağışlayar.

-  Şəxsi həyatınız barədə bilməyənlərə nə kimi məlumat verərdiniz ?

- 30 yaşım var. Statusum ailəli və bir qızım var. Bu da mənim ailə həyatım... Ailəmi yaradıcılığıma qatmıram. Və şəxsi həyatım haqqında da danışmağı xoşlamıram. Çünki onlar şəxsidir, yaradıcılıq isə tamamilə fərqlidir...

- "Spid xəstəliyi düşüb mənə" trekiniz kimə ünvanlanmışdı ?

- Dinləyiciyə. Trekdə olan sözlərin 70%-i həmin zaman keçirdiyim hisslərə bağlı idi. Mən spidə tutulmamışam. Kobud bir misal çəkim. Məsələn, insanın başı kafedə də, avtomobildə də, evdə də qaşına bilər. O zaman da elə... Mən spidə filan tutulmamışdım. Sadəcə orada 70 % mən idimsə, 30%də xəstə obrazı yaradırdım.

- "Sən mənim sirrimsən" trekində olan sarışın qız kim idi ?

- Həmin trekin sözləri Gəncədə olan zaman yazılıb. Həmin zaman mən hərbi xidmətdə idim. İstirahət zamanı çayxanada oturmuşdum. Divarda gözəl, sarışın bir qızın şəkli var idi. Bitdi. Və hər şey oradan başladı. Həmin an olan hisslər burulğanını buraxırsan gedir.

- Heç olubmu ki, yazmaq istəmisiniz amma şərait olmayıb ?

- Çox olub. Amma çox zaman tapıram. Ən optimal variant isə telefondu. Telefon üstümdə olmayanda isə kafedə, restoranda, toyda çox zaman qələm kağız istəyib, oturduğum yerdəcə hisslərimi ifadə etmişəm. Və ya çıxıb foyedə yazmışam. Çoxları tanıyır deyə, problem olmur (gülür-red)

- Hərbiçi yoxsa reper ?

- İbrahim. İkisi də.

- Hansı daha çətindi ?

- İkisi də çətindi. Amma birində azadlıq var, digərində yoxdu.  Repdə azadlıq var.

- Hərbidə olan zaman başınıza gələn hansı maraqlı hadisəni bizimlə də bölüşə bilərsiniz ?

- 2004-cü ildə Gəncə şəhərində hərbi təcrübədə idik. İlk dəfə " Sadə qız" treki böyük kütlə qarşısında o zaman təqdim edildi.

- Uran özünü 3 kəlmə ilə izah etsə nə deyər ?

- (düşünür-red) Çox çətindi, çox... Yaxşı adam deyiləm. Tam boynuma alıram. Mən də pis də var. Bilmirəm yaxşı insan olmaq üçün hansı meyarlar var. Arada bir yaxşı pisə güc gəlir. Nifrət etməyi bacarıram.

- Nəyi bağışlamazsınız ?

- Bu həyatda o qədər istisnalar var. Bir dəfə yaşayırıq həyatı... Nəsə olub unutmuşam. Bağışlamamaq isə yox...

- Həyatınızda qarşılıqsız sevgi olub ?

- Olub ! ( Uran elə "olub" dedi ki, növbəti sualı verməyə gərək görmədim və düzü söhbətimizə elə burada yekun qoymağı və hörmətli müsahibimə müsahibə üçün təşəkkür etməyimlə söhbətimizi yekunlaşdırdıq. Sonda Uran redaktorumuz Seymur Səfərli ilə də görüşdü. Birlikdə çay içib, sonra qonağımızı yola saldıq. Bu maraqlı, dərin düşüncəli və bir az da qəliz amma eyni zamanda çox səmimi olan repçiyə gələcəkdə uğurlar arzu edirik!

Qeyd edək ki, bu müsahibə Party Pizza restoranında baş tutub. Ünvan: Nərimanov metrosu, Nərimanov parkı yaxınlığında M.Mammadzadeh 13 (www.partypizza.az)