Neft üzərindəki evlər

7 Mart 2014 10:02 (UTC+04:00)


Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) balansında olan mədən sahələrinin bir hissəsinin qanunsuz şəkildə zəbt olunması və burada evlərin inşa edilməsi heç kimə sirr deyil. Təxmini hesablamalara görə, Neft Şirkətinə məxsus 15 min hektar ərazidə minlərlə qanunsuz tikili var. Məsələnin isə maraqlı tərəfi bu evlərin bəzilərinin neft yataqları üzərində inşa edilməsidir. Təbii ki, bu hal belə yataqların istismarını çətinləşdirir. Başqa sözlə, orpaqların zəbt olunması ARDNŞ-ın neft-qaz əməliyyatlarına ciddi çətinlik yaradır, istehsalatın genişləndirilməsinə və hasilatın artırılmasına mane olur. Onu da bildirək ki, qanunsuz tikilmiş evlər altında olan neft yataqlarında neftin həcmi heç də az rəqəmlə ifadə olunumur. Yaranmış durum şərh edən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirir ki, belə evləri sökmədən onun altındakı nefti çıxarmaq üçün maili qazma üsulu mövcuddur: "Bu üsuldan ARDNŞ də istifadə edir. Amma hələlik həmin üsuldan dənizdə istifadə olunub. 2013-cü ildə "Abşeron Qazma Şirkəti" Xəzər dənizində maili qazma üsulu ilə bir neçə quyu qazıb. Ancaq quruda bunu hələlik tətbiq etmirlər. İş burasındadır ki, bu gün Abşeron yarımadasında buruqların sayı kifayət qədər çoxdur. O da Sovetdən qalmış sistemə görədir. Yəni, Sovet dövründə 100 metrdən bir quyular qazmaqla məhsuldar laylardan neft çıxarırdılar. Çünki, o vaxt maili qazmada istifadə olunan texnologiyalar yox idi. Sovetləri də onun material xərcləri maraqlandırmırdı. Ona görədə belə metod nəticəsində buruqların sayı həddindən artıq çoxalmışdı. O vaxt heç kəsi maraqlandırmırdı ki, niyə neft daşlarının kilomertlərlə uzunluğu var? Hətta neft daşlarının ən yaxşı vaxtında 2 milyon ton neft hasil edilib. Ancaq müasir texnologiya nəticəsində "Azəri-Çıraq-Günəşli" kimi bir yataqda cəmi 5 platforma quraşdırılmaqla 40 milyon ton neft çıxarılıb. Abşeronda isə yarım milyon ton neft hasil edilmir. Yəni, bu qədər az həcmin müqabilində bu qədər böyük sahələrin tutulması effektsizdir. Zabrat, Balaxanı, Suraxanı ərazilərində yenidən 25 illik müqavilənin bağlamasının əleyhinəyəm. O boyda ərazilərdən istənilən qədər neft çıxmayacaq. Ancaq əgər həmin ərazilərdə neft varsa, 3 kilomerlik radiusda maili platformanı orada da tətbiq etmək olar. Bu üsullara 10 dənə quyu qazamaqla bütün neft çəkilə bilər. Bununla da böyük ərazilər azad olunardı. Ancaq digər tərəfdən orada heç 3 ölçülü seysmik kəşflər belə aparılmayıb".

Neft məsələləri üzrə ekspert Tahir Mütəllimov bildirdi ki, həmin ərazilər radiasiyalı olduğu üçün orada yaşayış salmaq düzgün deyil: "Ancaq artıq həmin yerlərdə təəssüflər olsun ki, yaşayış var. Bununla yanaşı, onların evini sökmədən altındakı nefti çıxarmaq üçün üsul da mövcuddur. Üsul odur ki, maili buruq qazılmalıdır. Hətta bu üsul tətbiq edildikdə heç bir itki olmur. Əgər o ərazilərdəki evlərdən 200-300 metr aralarına boş sahə varsa, orada maili qazma ilə nefti çıxara bilərlər. Həm də gərək bu işdə iqtisadi səmərəlilik olsun. Ancaq oraların neft layları tamam gücdən düşüb. Hazırda layların tərkibində neft çox azdır. Yən, iqtisadi cəhətdən səmərəli deyil. Hətta keçmişdə ordakı nefti şaxta üsulu ilə çıxarmaq istəyirdilər. Ancaq o da iqtisadi cəhətdən sərf etməmişdi".