Trend-in məlumatına görə, bunu "Bakı-Xəbər"
qəzetinin baş redaktoru, Mətbuat Şurasının İdarə Heyətinin üzvü
Aydın Quliyev bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Mətbuat
Şurasının təşkilatçılığı ilə keçirilən "Dini etiqad azadlığı,
missionerlik fəaliyyəti və media" mövzusunda konfransda çıxışı
zamanı deyib.
Baş redaktorun sözlərinə görə, Sovet hökuməti
dağılandan sonra Azərbaycana dini sektaların kütləvi axını başladı
və çox təəssüflər olsun ki, bu sektaların içərisində Azərbaycanın
dövlət, milli təhlükəsizliyini hədəfə alan qruplar meydana gəlməyə
başladı. Azərbaycanda hər hansı bir dini təriqət təqib olunmur.
Ancaq o vaxt ki, onların fəaliyyəti Azərbaycanın dövlət
təhlükəsizliyinə ziyan vurmağa başlayır, sözsüz ki, bunların
fəaliyyətinə dayan demək lazımdır.
A.Quliyev bildirib ki, ölkədə müəyyən təriqətlərin
adı siyasi qətllərdə çıxıb, məscidlərdə terror aktlarının
törədilməsində çıxıb, Azərbaycanda müəyyən silahlı qruplaşmaların
yaradılmasında çıxıb, Azərbaycanda gəncləri təşkilatlandırmaq,
onları ideoloji cəhətdən silahlandırmaq və onları müxtəlif
ölkələrdə, Suriyada, Əfqanstanda, İraqda və başqa yerlərdə mücahid
kimi guya döyüşməyə göndərməkdə çıxıb: "Mən hesab edirəm ki, bunlar
çox ciddi siqnallardır və bunlar bu gün Azərbaycanda olan
sektalarla bağlı real vəziyyətdir. Bu vəziyyət hər kəsin qarşısında
bir tələb qoyur, dövlətin də qarşısında tələb qoyur, medianın da
qarşısında tələb qoyur, partiyaların, QHT-lərin də qarşısında bir
tələb qoyur. Bu gün medianın bununla bağlı xüsusi vəzifələri
olmalıdır və bunu dərk etməlidir. Media həmin sektaların təsiri
altına düşməkdən uzaq olmalıdır".