Bakıda mərkəzi metro stansiyalarının əlavə çıxışı tikiləcək
13 İyun 2012 18:40 (UTC+04:00)
Bakı Metropoliteninin hazırda bir çıxışı olan
stansiyalarının hamısında əlavə, ikinci çıxış tikiləcək.
Bu barədə "APA-ECONOMICS"ə Bakı
Metropoliteninin rəis müavini Arif Rəsulov bildirib. Onun sözlərinə
görə, bura "Xətai", "Nizami", "İçərişəhər" və "Sahil" metro
stansiyaları aiddir.
Qeyd edək ki, hazırda "Elmlər Akademiyası" metro stansiyasında
ikinci çıxış tikilir və bu işlər 2015-ci ilədək davam
edəcək.
Rəis müavini bildirib ki, ikinci çıxışın tikintisində əsas məqsəd
sərnişinlərin rahatlığı ilə yanaşı, onların təhlükəsizliyinin təmin
edilməsidir: "Bütün stansiyalarda ən azı iki çıxış olmalıdır.
Məsələn, "Elmlər Akademiyası" stansiyasından hər gün 65 min
sərnişin daşınır və orada yanğın baş verərsə, bir çıxışla böyük
fəlakət ola bilər".
Bununla əlaqədar olaraq metronun bir çıxışı olan bütün
stansiyalarında əlavə çıxış tikiləcək. "Nizami" stansiyasının əlavə
çıxışı Füzuli meydanında, "Sahil"in çıxışı isə Nəsimi heykəlinin
yaxınlığında inşa olunacaq.