“Zəlzələ bölgəsində 2944 ev birmənalı olaraq qəzalıdır və yenidən tikiləcək”

18 İyun 2012 16:48 (UTC+04:00)
"Zəlzələ bölgəsində 21 min ev və sosial obyekt təhlil olunub. Onlardan 2944 ev birmənalı olaraq qəzalıdır və yenidən tikiləcək. Təxminən 3500-dən yuxarı ev təmir-bərpa statusuna düşür. Onların içərisində "qəzalı" statusuna keçən evlər olacaq". APA-nın xəbərinə görə, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov jurnalistlərə açıqlamasında deyib. 
Nazir deyib ki, zəlzələ bölgəsində qəzalı vəziyyətə düşən 25 məktəb yenidən tikiləcək. Artıq onlardan bir neçəsinin inşasına başlanıb. Məktəblər yeni tədrisi ilinə təhvil veriləcək. K. Heydərovun sözlərinə görə, qəzalı vəziyyətdə olan bir sıra evlər yayın sonuna, bəzilər isə soyuqlar düşənədək tikilib istifadəyə veriləcək. 
Zəlzələ bölgəsində vətəndaşların qiymətləndirmə prosesinin düzgün aparılmamasından narazı olmaları barədə mətbuatda gedən yazılarla bağlı suala cavab verən nazir bunları deyib: "Bu mümkün olan məslə deyil. Çünki vəziyyətin qiymətləndirməsi prosesi komissiyalar tərəfindən aparılır. Həmin komissiyanın tərkibinə yerli icra qurumları, Maliyyə, İqtisadi İnkişaf, Fövqəladə Hallar nazirliklərinin nümayəndələri daxildir. Əhali bəzən uçmamış evlərinin yenidən sökülüb tikilməsini tələb edirdi. Biz bunu Kür daşqınları olan zaman Sabirabad bölgəsində də gördük. Bu düzgün deyil. Yəqin ki, bilirsiniz ki, zəlzələ bölgəsində evlərin böyük hissəsi çay daşları üst-üstə qoyularaq tikilib. Tələb olunan bərkitmə üsullarından istifadə olunmayıb. Bu cür evlər 5 baldan yuxarı təkana dayanıqlı deyillər. Biz indi də deyirik, orada da tövsiyə etdik ki, hər bir adam şəxsi evini inşa edəndə bu qaydalara riayət etməlidir. Demək olar ki, zəlzələ bölgəsindəki evlərin əksəriyyətində zəlzələyə qarşı olan kəmərlər yoxdur. Sual oluna bilər ki, bəs digər evlər niyə uçmamışdı? Təhlil zamanı da dediklərim öz təsdiqini tapır. Bir də nəzərə alınmalıdır ki, həmin zonada zəlzələ təsadüfən baş verməyib. Həmin bölgədə böyük zəlzələlər olub. Ümumilikdə Azərbaycanın hər bir yeri seysmik zonadır, o cümlədən həmin zona". 
Nazir qeyd edib ki, dövlət obyektləri, şəhərlərdə hündür mərtəbəli binalar tikilən zaman da FHN-in Seysmoloji standartları nəzərə alınmalıdır: "Bunlarla bağlı nəzarət aparılır. 
İndi gəlin görək, kəndlərdə kimlərsə özünə ev tikirsə, o standartları nəzərə alırmı? 
Sadəcə, çay daşlarından, bir qədər də sement vuraraq ev tikirlər. Burada həmin tələblərə riayət olunmur. Amma gələcəkdə bu standartları hamı bilməlidir". 
K. Heydərov, sel daşqınları baş verən zonada qəzalı vəziyyətə düşən evlərin böyük əksəriyyətinin də çiy kərpicdən tikilən və bəndlər arasında inşa olunan evlər olduğunu xatırladıb: "Bəndlərin arasında isə ev tikmək düzgün deyil. Bəzi çiy kərpicdən tikilən evlər daşqınlar zamanı uçmasa da, sonradan isti nəticəsində palçıq aralanması nəticəsində uçqunlar başladı".