Rusiya Azərbaycanla "ticarət müharibəsi"ndə məğlubiyyətə məhkumdur

6 Aprel 2012 13:10 (UTC+04:00)


Son günlərdə Rusiya və Azərbayan arasında bir sıra vacib məsələlər üzrə yaranan fikir ayrılığının daha da dərinləşməsi hiss olunur. Söhbət ilk olaraq üç başlıca məqamdan gedir. Onlardan birincisi Dağlıq Qarabağ münaqişəsilə bağlıdır. Bakı bu münaqişənin həllində Moskvanın daha böyük rol oynaya biləcəyini, forpostu sayılan Ermənistanı yola gətirmək iqtidarında olduğunu açıq bəyan etsə də Kreml hələ ki, Azərbaycanın istəklərinə uyğun addımlar atmır.

Daha iki əsas məqam isə "Transxəzər" qaz kəməri və Qəbələ RLS-lə əlaqədardır. Tərəflər arasında bu mövzular üzrə mövcud fikir ayrılığı getdikcə dərinləşməkdədir. Bu şəraitdə Moskvanın Bakını yola gətirmək üçün müəyyən təzyiqlər etməyə çalışması da getdikcə aydın müşahidə olunur. Məsələn, elə Rusiyanın "Rosselxoznadzor" idarəsi tərəfindən Azərbaycanın kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracına qadağa qoyulacağı istiqamətində edilən xəbərdarlıqlar və artıq atılan müəyyən addımlar bunun ilkin işartısı kimi dəyərləndirilir. Lakin bu addımların səmərəsiz olacağı elə rus politoloqlarının özləri tərəfindən də etiraf edilməkdədir. Məsələn, rus siyasi analitiki Oleq Kuznktsov qeyd edir ki, əslində, Moskvanın Azərbaycana hər hansı ciddi təsir rıçaqı yoxdur: "Azərbaycan bütün xarici dövlətlərlə münasibətdə müstəqildir və hər hansı xarici iqtisadi faktordan asılı deyil. Yəni Azərbaycanı deyək ki, Gürcüstan və ya Cənubi Osetiya kimi almaq mümkün deyil. Bu səbəbdən Azərbaycana iqtisadi təzyiq göstərmək cəhdləri iflasa məhkumdur".

Ekspert qeyd edir ki, Azərbaycan üçün kənd təsərrüfatı məhsullarını beynəlxalq bazarlara çıxarmaq elə də ciddi əhəmiyyət kəsb etmir: "Bu səbəbdən də Rusiya ərazisinə Azərbaycandan gətirilən sitrus meyvələrinə və ya nara qadağa qoymaqla Bakının hansısa qlobal güzəştlərə gedəcəyini düşünmək sadəlövhlükdür. Çünki bu, Azərbaycan iqtisadiyyatına heç cür təsir etməyəcək". Ekspert bu mənada  "Rosselxoznadzor"un addımlarının nəticəsiz olacağını, Azərbaycan və Rusiya arasında mümkün "ticarət müharibəsinin" ikincinin məğlubiyyəti ilə müşayiət olunacağını vurğulayır. 

Xatırladaq ki, bu günlərdə "Rosselxoznadzor"un rəsmisi Aleksey Alekseyenko bildirib ki, Azərbaycan, Özbəkistan və Tacikistandan quru və qabıqlı meyvə idxalı dayandırıla bilər. Alekseyenko həmin ölkələri bu barədə xəbərdar etdiklərini deyib. Onun sözlərinə görə, sözügedən məhsullarda kənd təsərrüfatı və insan orqanizmi üçün təhlükəli zərərvericilər ola bilər: "Əgər bizim iradlarımızla bağlı tədbirlər görülməsə, həmin ölkələrdən quru və qabıqlı meyvə idxalı qadağan ediləcək" . Lakin yuxarıda qeyd olunduğu kimi, Rusiya Azərbaycan məhsullarının idxalına qadağa qoysa, bundan heç nə qazanmayacaq. Əksinə, Qəbələ RLS və "Transxəzər" məsələsində Bakının daha fəal siyasət yürütməsinə rəvac verəcək. Ekspertlər hesab edir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri zamanı heç şübhəsiz ki, bu məsələlər də diqqət mərkəzində olub. Lakin onun Bakını fikrindən daşındırmaq cəhdlərinin səmərəli olmadığı ehtimal edilir. Politoloq Vəfa Quluzadə də hesab edir ki, Sergey Lavrovun Azərbaycana etdiyi səfər tamamilə uğursuz olub. O deyib ki, S.Lavrov Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün deyil, Azərbaycandan Rusiya üçün güzəştlər istəməyə görə Bakıya gəlib. Ona görə də belə səfərlərin heç bir nəticəsi olmayacaq.

Qəbələ RLS-nin icarəsi məsələsinə də toxunan V.Quluzadə söyləyib: "Rusiya Ermənistanda RLS tikməlidir və Qəbələ RLS bağlanılmalıdır. Çünki Rusiya Azərbaycana RLS ilə bağlı təzyiq göstərir, Azərbaycan mülkiyyəti olan Qəbələ RLS-nin icarə haqqını ödəmir və ətraf mühiti korlayır. Bundan əlavə, Rusiya Azərbaycanı hədələyir ki, əgər İranla müharibə başlayarsa, o zaman Ermənistanda olduğu kimi, Azərbaycanda da Rusiyanın hərbi bazası olmalı, burada birgə havadan müdafiə sistemi yaradılmalıdır. Amma Azərbaycan tərəfi buna heç zaman imkan verməyəcək". 

Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) Xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri, beynəlxalq münasibətlər üzrə siyasətşünas Rövşən İbrahimov isə bildirir ki, Rusiya Dağlıq Qarabağ münaqişəsini həll edilməmiş saxlamaqla Azərbaycan və Ermənistanı özündən asılı vəziyyətdə saxlamaq istəyir. O söyləyib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində rol oynayan əsas oyunçudur və bu münaqişənin həlli yolu əsasən Rusiyanın əlindədir. Rusiya Qarabağı nə Azərbaycana, nə də Ermənistana vermək niyyətində deyil. Çünki Rusiyanın Azərbaycana və Ermənistana yeganə təzyiq vasitəsi bu münaqişədir. Azərbaycan və Rusiya arasında mövcud olan münasibətlərin indiki səviyyəsinə toxunan siyasətşünas bildirib ki, hazırda iki ölkə arasında münasibətlər yüksələn xətlə inkişaf edir: "Bu münasibətlərin qurulmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz rolu var. Çünki Azərbaycan və Rusiya arasında münasibətlər Ayaz Mütəllibovun və Əbülfəz Elçibəyin prezidentliyi dövründə çox gərgin olub. Sabiq prezident Boris Yeltsinin hakimiyyəti dövründə Azərbaycana qarşı Rusiyadan böyük təzyiqlər olub və 4 il Rusiya Azərbaycanla sərhədlərini bağlı saxlayıb. Yalnız Vladimir Putin iqtidara gəldikdən sonra ulu öndər Heydər Əliyevin birgə səyləri ilə Azərbaycan-Rusiya münasibətləri normallaşmağa başlayıb".

Hesab olunur ki, Rusiya təzyiq siyasəti əvəzinə, Azərbaycanla daha sıx əməkdaşlığa üstünlük verməklə daha real nəticələrə nail ola bilər.

Səməd CƏFƏROV