Əməkdar artist: “Ailə mövzusunun reklam xarakterli istifadə olunmasına çox pis baxıram” - FOTO

14 Aprel 2012 15:16 (UTC+04:00)


Bu günlərdə yenicə ailə quran əməkdar artist, klassik və bəstəkar mahnılarının mahir ifaçısı Zaur Əmiraslanov ailə mövzusunun reklam olunmasını yaxşı amil kimi qəbul etmir. Bu barədə ilk dəfə Movqe.Az xəbər portalına müğənni özü danışıb. Z.Əmiraslanov ailə qurduqdan sonra ailə başçısının məsuliyyətli və şərəfli olamğını bildirib: "Ailə kiçik dövlət deməkdir. Onun öz qanunları və öz konstitusiyası var. Dövlətin formalaşmasında da hər birimizin, ailə başçısı olaraq böyük missiyamız var. Ailə başçısı olmaq çox şərəflidir, məsuliyyətlidir və bu, şəxsin hər hansı sənət sahibi olmağına baxmır. Əsas odur ki, ilk növbədə şəxsiyyət olasan. Çünki ilk əvvəl sən öz valideynlərinin güzgüsüsən. Ən əsas isə Allahın ən ali yaratdığı varlıqsan. Əsas odur ki, özündə vətən sevgisi aşılayasan. İlk növbədə hər birimizin üzərinə düşən ali bir missiya var. Bir daha təkrar edirəm, ailə kiçik vətəndir. Vətən isə Böyük ailədir. Ailə namusdur. Gəlin, vətənimizi sevək, qoruyaq! Bir sənət sahibi olaraq, ailə mövzusunun reklam xarakterli istifadə olunmasına çox pis baxıram. Bəli, bu mövzu hamıya maraqlı olsa da, amma bundan sui istifadə etmək məncə, qeyri-ciddi amildir. Mən 31 yaşımda ailə qurdum. Şükürlər olsun, çox məmnunam. Allah subaylara qismət eləsin! İnşallah!".

Z.Əmiraslanov fəxri ada layiq görüldükdən sonra sənətinin inkişafı üçün çalışdığını söylədi: "Yaradıcılığımla bağlı onu deyə bilərəm ki, əməkdar artist fəxri adınının daşıyıcısı olduqdan sonra daha səylə və məsuliyuyətlə sənətimi inkişaf etdirməyə çalışıram və çalışacağam", - müğənni dedi.

Qeyd edək ki, əməkdar artist Z.Əmiraslanov bu ilin martın 15-də 31 yaşında 21 yaşlı Minarə xanımla ailə qurub. Müğənninin həyat yoldaşı teleaparıcı İdris Cəfərovun qohumudur.


Fuad Mədətov