Azərbaycanda Peyk İdarəetmə Mərkəzi tikilir

23 İyun 2012 14:10 (UTC+04:00)
Azərbaycanın telekommunikasiya və müşahidə peyklərinin idarə edilməsi və istismarının həyata keçirilməsi məqsədilə inşa edilən Azərkosmos ASC-nin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinin (ƏYPİM) tikintisinin ilk peykin orbitə buraxılmasından əvvəl başa çatdırılaraq tam istifadəyə verilməsi planlaşdırılır.

Movqe.Az – ın Rabitə və İnformasiya Texnologiyaları nazirliyinin rəsmi saytına istinadla verdiyi məlumata görə, nazir Əli Abbasov Orbital Sciences şirkəti və telekommunikasiya peykinin istehsalına texniki nəzarəti həyata keçirən Kanadanın Telesat şirkətinin nümayəndələri ilə birlikdə ƏYPİM-in inşaat ərazisinə baş çəkib və mərkəzin tikinti prosesi ilə yaxından tanış olub.

 Hazırda ƏYPİM-də Azərbaycanın telekommunikasiya peykinin istehsalçısı olan ABŞ-ın Orbital Sciences şirkəti və azərbaycanlı mütəxəssislər tərəfindən peykin idarə edilməsi üçün antenalar, texniki cihazlar və digər avadanlıqlar quraşdırılır. Əsas tikinti işləri başa çatmaqda olan ƏYPİM-də mülki işlər də davam etməkdədir.

Türkan Nadirqızı

Movqe.Az