Erməni mediası və müxalifət Leyla Yunusun müdafiəsinə qalxıb

1 May 2014 19:07 (UTC+04:00)

Hər dəfə olduğu kimi bu dəfə də ermənilərlə iş birliyi məsələsində radikal müxalifət fərqli mövqe sərgiləyir. Leyla Yunusun müdafiəsinə qalxmaqla onlar yenə milli maraqlara xidmət etməyən mövqe sərgiləyirlər. Hələ istintaqı getdiy bir vaxtda onlar prosesi hüquqi müstəvidən çıxarıb siyasi şouya çevirməyə çalışırlar. Bundan başqa, Azərbaycana müxalif bir sıra beynəlxalq təşkilatların mahiyyətindən xəbərdar olmadan dərhal ölkə əleyhinə fikirlər səsləndirməsi də qəbuledilən deyil.

Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət bildirdi ki, Rauf Mirqədirovun həbsi də bizi həmkar olaraq narahat edir: "Amma Azərbaycan hüquq-mühafizə orqanlarının işinə kölgə sala bilmərik. Çalışmalıyıq ki, dövlətin müvafiq strukturları bu məsələni ciddi şəkildə araşdırsınlar. Leyla Yunusovanın məsələsi də həmin qəbildəndir. Burada da hələlik faktiki olaraq heç kim heç nə bilmir. Hüquq-mühafizə orqanları onu müvafiq qaydada saxlayıblar. Barəsində gərəkli tədbirləri görəcəklər. İstər müxalifət, istər iqtidar, istərsə də xarici ölkələrin səfirlikləri bir qədər təmkinli olub, proseslərin sonunu gözləməlidirlər. Hüquqi məsələni siyasi müstəviyə çıxarmamalıyıq. Bəzən üzdə olan, hay-küy salan adamları elə qəbul edirlər ki, guya bunlar doğurdan da insan haqları müdafiəçisidir. Amma sonda məlum olur ki, bunlar hansısa mərkəzlərə bağlıdırlar. Yəni, biz elə insanları müdafiə etməyə tələsməməliyik. Leyla Yunus məsələsində biz bir qədər təmkinli davranmalıyıq. Xüsusi ilə o məqam araşdırılmalıdır ki, necə olur ki, Fransa səfirliyi ər-arvadı 5 illik viza ilə təmin edir? Niyə ABŞ və Fransa səfirlikləri birlikdə onları ölkədən qaçırtmaq istəyiblər? Doğurdan da Leyla Yunusun heç bir günahı yoxdursa, niyə ölkədən qaçırtmaq istəyiblər? Bu suallara istintaq cavab verəcək. Ondan sonra isə öz fikirlərimizi qəti şəkildə deyə bilərik. Amma səfirliklərin bu davranışını Azərbaycana qarşı hörmətsizlik kimi qəbul etdim. İstərdim ki, Azərbaycan Xarici İşlər Nazirliyi dərhal bu məsələ ilə bağlı hər iki dövlətə nota versin. Tələb etsin ki, bu davranışın izahatını versinlər".

YAP Gənclər Birliyi Ofisinin rəhbəri Sərraf Balaxan bildirdi ki, Azərbaycan müxalifəti hər dəfə özünün düşdüyü sükut vəziyyəti pozmaq üçün müxtəlif bəhanələr axtarır: "Dövlətin xain insanları aşkarlaması müxalifətin əlinə öz mövqelərini ifadə etmək üçün sanki bir kart verir. Amma müxalifət bu kartlardan düzgün istifadə edə bilmir. Onlar heç özlərinin anlamdıqları məsələlərlə gündəmə gəlmək istəyirlər. Çünki, onları bu gün dövlətin təhlükəsizliyinə yönəlmiş bir işin qarşısını almaq üçün hüquq-mühafizə orqanlarının həyata keçirdiyi bir əməliyyatın nəticəsinə etiraz edirlər. Bunu siyasiləşdirməyə cəhd edirlər. Burada heç bir siyasi məqsəd yoxdur. Azərbaycan dövlətinin təhlükəsizliyi əsasdır. Azərbaycan dövlətinin müstəqilliyinin qorunması daim əsas götürülməlidir. Müxalifət Azərbaycan dövlətinin yürütdüyü yüksək səviyyəli xarici siyasətindən bir kəlmə də danışmadı. Cənab Prezidentin Türkiyəyə verdiyi dəstəyi Azərbaycna müxalifəti susqun reaksiya ilə qarşıladı. Halbuki, bütün Türkiyə, hətta onların müxalifəti də Prezident İlham Əliyevin "Şərq Tərəfdaşlığı" sammitində Türkiyəyə göstərdiyi dəstəyini alqışladı. Lakin buna baxmayaraq, Azərbaycan müxalifəti belə bir müsbət addıma heç bir reaksiya vermədi. Hazırda isə dövlətə xəyanətdə ittiham olunan bir şəxsin saxlanılması, onunla bağlı araşdırmaların aparılması müxalifətdə qıcıq yaradıb. Bu da onu göstərir ki, həmin insanların əsas məqsədi dövlətçiliyə, xalqa xidmət deyil. Sadəcə, öz maraqlarına xidmətdən ibarətdir".

Bu arada bir maraqıl məqamı da qeyd edək ki, Leyla Yunusun Bakı Hava Limanında saxlanılması, Baş Prokurorluqda dindirilməsi, evində və ofisində axtarışlar aparılması, eləcə də bunlarla bağlı digər məqamlar Ermənistan mediasının da əsas mövzusu olaraq qalır. Məsələ ilə bağlı "haqqin.az" saytı bildirir ki, erməni KİV-ləri Leyla Yunusun müdafiəsi ilə bağlı əməlli-başlı kampaniyaya başlayıblar. "Novosti Armenii", "Panarmenian", "Panorama", "Erkramas", "Epress.am" və digər aparıcı erməni nəşrlərinin başlıca mövzusu məhz Leyla Yunusa həsr olunub.Onlar Leyla Yunusu erməni və Azərbaycan xalqları arasında körpü yaratmaq istəyən, Azərbaycanda ermənidən düşmən obrazı yaradılmasına qarşı mübarizə aparan fədai kimi təqdim edirlər. Çoxsaylı məqalə və müsahibələrdə ermənilər göstərir ki, guya Leyla Yunus siyasətin qurbanıdır. Erməni mediası Leyla Yunusla Əkrəm Əylisli arasında paralellər də aparırlar. Vurğulanır ki, onların hər ikisi "öz vətəndaş mövqelərinə görə əzab çəkmək məcburiyyətində qalıb".