Dilimizə qənim kəsilənlər

1 May 2014 16:39 (UTC+04:00)

Bu gün şəhərimizin fərqli guşələrində yer alan bir sıra reklam və afişalarda, lövhələrdə, müxtəlif obyektlərin adlarında, istərsə də bəzi media vasitələrində, televiziya verilişlərində və s. müəyyən hallarda Azərbaycan dilinin elementar fonetik, leksik, qrammatik tələbləri gözlənilmir. Eyni zamanda üslub normaların gözlənilməməsi də xarakterik hallardan birinə çevrilib. Nəticədə bütün bunlar doğma dilimizin korlanması təhlükəsini yaradır.

Filologiya elmləri doktoru, Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, AMEA Dilçilik İnstitutunda  Terminologiya şöbəsinin müdiri Sayalı Sadıqova Movqe.az-a açıqlamasında haqqında danışdığımız məsələyə münasibət bildirərkən deyib: "Mətbuatda yer alan qrammatik səhvlər kifayət qədər peşəkar jurnalistlərin olmamasından qaynaqlanır. Bu gün bir çox hallarda jurnalistika təhsili almayan şəxslər mətbuata işə götürülürlər.  Onlar da Azərbaycan dilinin qrammatikasını kifayət qədər yaxşı bilmədiklərindən yazılarda çoxsaylı səhvlərə yol verirlər. Eyni zamanda televiziya verilişlərinin aparıcılarının  danışıqlarında da çox hallarda vurğu səhvlərinə yol verilir. Vurğu yerli-yerində qoyulmalıdır ki, nitq də gözəl olsun. Düşünürəm ki, bu məsələlər əsas etibarilə KİV-də peşəkar jurnalistlərin fəaliyyət göstərməməsi ilə bağlıdır". 

Sayalı xanım onu da bildirib ki, hazırlanan yeni Dövlət Proramına əsasən, dil qaydalarının qorunması ilə bağlı yeni qanunlar qəbul olunacaq: "Reklam və afişalarda yol verilən səhvlərə gəlincə isə, bütün bunların qarşısını almaq üçün artıq Dövlət Proqramı hazırlanır. Həmin proqrama əsasən, xüsusi qanunlarla müəyyənləşdiriləcək ki, reklam agentlikləri bu işi necə həyata keçirməlidirlər. Hal-hazırda istər Bakı şəhərində, istərsə də rayolarda reklamların əksəriyyətində dil qayda-qanunları pozulur. Müşahidə olunan hallardan biri də alınma sözlərdən istifadə edilməsidir. İstər bu sözlərin yazılış qayda-qanunları, istər Azərbaycan dilində qarşılığının müəyyənləşdirilməsi üçün İşçi qrupu yaradılacaq. Eyni zamanda bunların həyata keçməsi üçün xüsusi qanunlar hazırlanır. Dilçilik Institutunun nəzdində fəaliyyət göstərən  monitorinq şöbəsi eyni zamanda televiziya verilişlərində də savadlandırma, maarifləndirmə işləri üçün proqramlar hazırlayır. Çox güman ki, yaxın günlərdə bu problemlərin aradan qaldırılması planları həyata keçiriləcək". 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutunun monitorinq şöbəsinin müdiri Həbib Zərbəliyevin sözlərinə görə isə, artıq təxminən 10 gündür ki, xüsusi İşçi qrupu tərəfindən şəhərin müxtəlif yerlərində monitorinq aparılır və keçirilən monitorinqin nəticələri əsasında bu sahədə konkret addımlar atılacaq: "Çox güman ki, növbəti nəticələri yekunlaşdırıb elan edəcəyik. Bu gün hər kəs necə istəyirsə, elə yazır. Reklamların mətni hər fərdin istəyindən asılı olaraq müəyyənləşdirilir. Amma belə olmaz. Biz keçirdiyimiz monitorinqin nəticələrinə uyğun olaraq, bu prosesin ümumi şəkildə idarə olunması üçün təkliflər verəcəyik. Çünki bu, hansısa şəkildə icra olunmalıdır. Hər kəs istədiyi formada yaza bilməz. Bununla bağlı konkret təkliflərimiz olacaq".