Vaqif Əsədov: "Evakuatordan aşan avtomobillərin sığortası varsa, məsələ həll olunur"

1 May 2014 17:10 (UTC+04:00)

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov evakuator vasitəsilə aparılan maşınların aşdığını əks etdirən görüntülərə münasibət bildirib. V. Əsədov Movqe.az-a açıqlamasında bildirib ki, bu görüntülər köhnədir və evakuatorla maşınlar aparılarkən bu cür hadisələr tez-tez təkrarlanmır: "Düzgün parklanmayan maşınlar avakuatorlar vasitəsilə cərimə meydanlarına aparılır ki, yol açılsın. Biz həmin maşınların sahiblərini axtarmalı deyilik ki, cərimə tətbiq edək. Evakuator vasitəsilə qadağan olunmuş yerlərdə saxlanılan avtomobillər qanunamüvafiq şəkildə cərimə meydanlarına aparılır. Maşın aşarsa əgər avtomobilin sığortası varsa, məsələ öz həllini tapır".

Qeyd edək ki, xarici ölkələrin təcrübəsində qadağan olunmuş yerlərdə saxlanılan maşınlar yerində blok edilir. Sürücü tərəfindən avtomobilin idarəedilməsi mümkün olmur. V. Əsədov isə hələki bu təcrübədən Azərbaycanda istifadə edilmədiyini, eləcə də dayanma-durma qaydalarını pozan avtomobil sürücülərinə qarşı bu metodun keçərli olmadığını bildirir: ""Kaplan" vasitəsilə avtomobilin dayandığı yerdə hərəkətini məhdudlaşdırsaq, bu problemi də aradan qaldırmayacaq. Evakuator vasitəsilə avtomobil aparılır ki, hərəkətə maneə aradan qaldırılsın. "Kaplan"vasitəsilə bu problemi həll etmək olmur".