Bakıda endirim fırıldağı

1 May 2014 18:48 (UTC+04:00)
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aparılan yoxlama zamanı qeyri-dəqiq reklamdan istifadə edilməklə istehlakçıların aldadılması halları müəyyənləşdirilib. Movqe.az-ın məlumatına görə, Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 41/47 ünvanında fəaliyyət göstərən fiziki şəxs Məmmədov Azər Ağakişi oğluna məxsus mağazada qeyi-dəqiq reklam halları aşkarlanıb. Belə ki, mağazanın ön pəncərəsində "Endirim 70%-ə qədər" məzmunlu reklam yerləşdirilsə də, satışda olan malların qiymətinə endirim tətbiq edilmədiyi aşkar olunub. Bundan başqa, qeyd olunan reklamların aidiyyəti strukturlardan icazə alınmadan yayımlandığı da müəyyən edilib. 
Bununla əlaqədar, Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qanunsuz reklamların yayımı dayandırılıb. Qanun pozuntusuna yol vermiş Azər Məmmədov barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcək.