Rublun ucuzlaşması Azərbaycan banklarını itki ilə üz-üzə qoyacaq

3 May 2014 08:38 (UTC+04:00)

Son zamanlar Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar fonunda rus rublu dolla və avro ilə müqayisədə xeyli dərəcədə ucuzlaşıb. İndi 1 dollar 35,6 rubla, 1 avro isə 49,4 rubla dəyişdirilir. Bildiyimiz kimi, Azərbaycanda da müəyyən mənada rubldan da yararlanır. Banklara köçürmələrdə bəzən rubldan istifadə olunur. Belə ki, Rusiyada yaşayan azərbaycanlılar buradakı ailələrinə göndərdikləri pulu ya rublla, ya da dəyişdirərək dollarla göndərirlər. Belə olduqda, görəsən, rublun sürətlə ucuzlaşması Azərbaycan banklarının rubl ehtiyatlarına nə vəd edir və banklar rubl itkisindən necə sığortalanmalıdırlar".

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev düşünür ki, ümumi mənada rublun ucuzlaşmasının Azərbaycana ciddi təsiri olmayacaq. Sadəcə olaraq, Rusiyadan ailələrinə göndərilən vəsaitin dəyərinin və pul köçürmələri həyata keçirən bankların gəlirlərinin müəyyən qədər azalmasına gətirib çıxara bilər: "Rus rublunun ucuzlaşmasının Azərbaycanın bank sisteminə elə bir ciddi təsiri olmayacaq. Bu proses daha çox əhaliyə, onun sosial vəziyyətinə mənfi təsir göstərə bilər. Bildiyimiz kimi, Rusiyada çoxsaylı azərbaycanlı yaşayır. Onların sayının 1-2 milyon arasında olduğu bildirilir. Rusiyaya əsasən də Azərbaycanın regionlarından gedən insanlar daha çoxdur. Onlar da hər il Azərbaycandakı ailələrinə pul göndərərək onları dolandırırlar. Belədə rublun kəskin ucuzlaşması həmin ailələrin büdcəsinə müəyyən mənada təsir edərək onların vəziyyətinin bir qədər pisləşməsinə gətirib çıxara bilər. Başqa bir neqativ təsiri ondan ibarət olacaq ki, rublun ucuzlaşması Rusiyadan ixrac olunan məhsulların ölkəmizdə də ucuzlaşması ilə nəticələnəcək. Bu da Rusiyadan gələn məhsulların rəqabət qabiliyyətini artıracaq və bəzi yerli məhsulların sıradan çıxarılmasına rəvac verəcək. Onsuz da bu günün özündə də yerli məhsullar keyfiyyət və qiymət baxımından sıradan çıxarılma vəziyyətindədir. Belədə görürük ki, rublun ucuzlaşmasının ölkəmizin iqtisadiyyatına neqativ təsiri var. Bildiyimiz kimi, Neft Fondu da vəsaitlərinin az da olsa bir hissəsini rublla saxlayır. Həmin rəqəm cüzi olduğundan baş verən hadisənin Neft Fondu vəsaitlərinin həcminə ciddi təsiri də olmayacaq. Sadəcə həmin vəsaitin qiymətinin dəyərsizləşməsinə gətirib çıxaracaq. Bank sektoruna belə bir təhdidi ola bilər ki, rublun ucuzlaşması sadəcə ölkəyə pul köçürmələrin sayını, daha doğrusu dəyər baxımından azalda bilər. Banklar bildiyimiz kimi, bu köçürmələrdən müəyyən gəlir götürür. Rublun ucuzlaşması da bu fonda onların gəlirlərinin azalmasına səbəb olacaq. Başqa mənada isə rublun ucuzlaşmasının bank sektoruna ciddi təsirinin olacağını düşünmürəm".