Təqaüd almaq istəyən tələbələrin nəzərinə !
2 May 2014 22:56 (UTC+04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2014-ci il
mayın 4-də Azərbaycan Respublikası ali təhsil müəssisələrinin
tələbələrinə ARDNŞ-in təqaüd proqramına namizədlərin seçim
imtahanının I mərhələsi olan test imtahanını
keçirir.
ARDNŞ bu layihəni neft-qaz sənayesi sahəsində
savadlı gənc mütəxəssislərin hazırlanması, tələbələrin müasir elmi
və təcrübi biliklərə yiyələnməyə həvəsləndirilməsi məqsədilə
2004/2005-ci tədris ilindən etibarən həyata
keçirir.
Qeydiyyat ARDNŞ tərəfindən aparılıb və 1972 nəfər
qeydiyyatdan keçib. İmtahan Bakı Dövlət Universitetinin I, II və
Yeni tədris binalarında (Z.Xəlilov küç., 23) saat 11:00-da
başlanır. İmtahanın idarə olunması üçün 12 imtahan rəhbəri, 140
nəzarətçi-müəllim ayrılıb. Test imtahanında tələbələrə məntiqi
təfəkkürü yoxlayan 40 test tapşırığı təqdim
olunacaq.
Bu suallara cavab üçün namizədlərə 1 saat vaxt
veriləcək. Çoxseçimli test tapşırıqlarında 5 cavab variantı verilir
və onlardan yalnız birini (doğrusunu) seçmək tələb olunur. Açıq
test tapşırıqlarında isə namizəd müəyyən etdiyi cavabı "Cavab
kartı"da müvafiq damalara qeyd edir və kodlaşdırır. Hər suala 1 bal
verilir. Səhv cavabların nəticəsi düzgün cavabların nəticəsinə
təsir etmir.
İmtahanın nəticəsinə əsasən yüksək bal toplamış
namizədlər növbəti mərhələdə - müsahibədə iştirak edəcəklər.
Müsahibəni ARDNŞ-nin məsul əməkdaşlarından ibarət komissiya həyata
keçirəcək.