Bakıda daha bir sosial şəbəkə faciəsi

3 May 2014 16:00 (UTC+04:00)
Ötən gün 12:15-də Bakının Yasamal rayonunda baş verən dəhşətli qətlin təfərrüatları məlum olub.

Movqe.az xəbər verir ki , Yasamal rayon Polis İdarəsindən  verilən məlumata görə, H.Zərdabi küçəsi, 71, mənzil 176-da yaşayan 1978-ci il təvəllüdlü Dilavər Nadir oğlu Əhmədov həyat yoldaşı 1989-cu il təvəllüdlü Günay Eldar qızı Əhmədovanı boğaraq qətlə yetirib.

Daha sonra Dilavər Əhmədov polisə zəng vuraraq arvadını öldürməsi barədə məlumat verib. Hadisə yerinə gələn hüquq-mühafizə orqanları Dilavər Əhmədovu tutub. Qadının meyidi isə tibbi ekspertizaya verilib.

Araşdırmalar zamanı 36 yaşlı Dilavər Əhmədovun keçmiş polis işçisi olduğu məlum olub.

Hadisə şahidləri   baş verən qətlə səbəb olan məsələni danışıblar. Deyilənlərə görə, Əhmədovlar ailəsinin 3 övladı var. Əvvəllər onlar normal dolanıb. Ərlə arvadın arasında hər hansı bir mübahisə eşidilməyib. Lakin sonradan Günay Əhmədova bir müddət əvvəl sosial şəbəkədə, daha dəqiq "Odnoklassniki"də olarkən əvvəllər tanıdığı bir nəfəri tapıb. Deyilənlərə görə, qadının tapdığı kişi əvvəllər onun sevgilisi olub. Keçmiş tanışını tapan qadın sonradan onunla yenidən münasibət qurub. Bir müddət sonra Dilavər Əhmədov məsələdən hali olub.

Bundan sonra cütlük arasında mübahisə yaranıb. Əsəblərini cilovlaya bilməyən ər özündən 11 yaş kiçik arvadını boğaraq qətlə yetirib.

Faktı Yasamal rayon Prokurorluğu araşdırır.