Məşhur dizaynerləri həbs gözləyir
3 May 2014 19:00 (UTC+04:00)
Ötən günlərdə İtaliyanın apelyasiya məhkəməsi vergi ödənilməsindən
yayınmaqda təqsirləndirilən Domeniko Dolce və Stefano Qabbananın
işi üzrə qərar çıxarıb.
Movqe.az xəbər verir ki, qərara əsasən dizayner duetini ilyarım
həbs müddəti gözləyir. Məhkəmə işi ötən ilin yayında başlanıb. O
zaman "Dolce və Gabbana", eləcə də onların mühasibi Lyuçiano
Patelli 10 milyon avro məbləğində cərimə ödəməyə və bir il 8 aylıq
həbsə məhkum edilmişdilər. Dizaynerlərdən əlavə, baş direktor
Kristiana Ruellayla maliyyə direktoru Cuzeppe Minoni də bir il 4 ay
həbsə və pul cəriməsi ödəməyə məhkum ediliblər.
Xatırladaq ki, Dolce və Gabbana 1 milyard dollar məbləğində qazancı
rəsmi orqanlardan gizlədərək, vergini ödəməyiblər. Milan məhkəməsi
isə həbsdən savayı, modelyerlərdən 10 milyon avro dəyərində
kompensasiya da tələb edir. Məşhur D&G brendinin yaradıcıları
birinci dəfə deyil ki, vergidən yayınmaqda günahlandırılır.