Azərbaycanda bu gün qəbul imtahanları başlayır
4 May 2014 15:06 (UTC+04:00)
Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası
(TQDK) Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki, Ağcabədi, Göyçay,
Lənkəran, Şirvan və Xaçmaz şəhərlərində rus bölməsi abituriyentləri
üçün "Azərbaycan dili" fənni üzrə imtahan keçirəcək.Movqe.az xəbər
verir ki , TQDK-dan verilən məlumata görə, imtahanda iştirakı
nəzərdə tutulan 8215 abituriyentdən 3676 nəfəri oğlan, 4539 nəfəri
qızdır. 5863 abituriyent orta ümumtəhsil müəssisələrinin bu ilki
məzunu, 2352 nəfər isə əvvəlki illərin məzunlarıdır. 35 abituriyent
ali təhsil müəssisələrinin məzunları, 363 abituriyent isə orta
ixtisas təhsil müəssisələrinin məzunlarıdır. Ən yaşlı abituriyent
1970-ci il təvəllüdlü, ən gənc abituriyent isə 1999-cu il
təvəllüdlüdür.
İmtahanın idarə olunması üçün 61 imtahan rəhbəri,
659 nəzarətçi müəllim ayrılıb.
Bakı şəhərində 5367 , Naxçıvanda 27 , Gəncədə 865,
Sumqayıtda 524, Şəkidə 357, Ağcabədidə 102, Göyçayda 206, Şirvanda
128, Lənkəranda 134, Xaçmazda isə 505 nəfər abituriyentin imtahan
verməsi nəzərdə tutulub.
İmtahan Bakı şəhərində 9 , Naxçıvanda 1 , Gəncədə
2 , Sumqayıtda 1, Şəkidə 1 , Ağcabədidə 1 , Göyçayda 1 , Şirvanda 1
, Lənkəranda 1 , Xaçmazda 1 binada keçirilir.
İmtahan bütün şəhərlərdə eyni vaxtda - saat
13:00-da başlanır.
Mayın 4-də keçiriləcək "Azərbaycan dili" fənni
üzrə imtahanda "Elektron ərizə"lərini 25 aprel 2014-cü ilə kimi
təsdiq etdirmiş rus bölməsinin abituriyentləri iştirak edirlər.
"Elektron ərizə"lərini 25 aprel 2014-cü il tarixindən sonra təsdiq
etdirən rus bölməsi abituriyentləri "Azərbaycan dili" fənni üzrə
2014-cü il iyulun 3-də keçiriləcək növbəti imtahanda iştirak
edəcəklər.
İmtahan 45 dəqiqə ərzində aparılır və
abituriyentlərə "Azərbaycan dili" fənnindən 30 test tapşırığı
təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv
cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. İmtahanının
nəticəsi "məqbul" və ya "qeyri-məqbul"la qiymətləndirilir, "məqbul"
alanlar qəbul imtahanlarına buraxılırlar.Abituriyentin "məqbul"
alması üçün onun topladığı bal 15-dən az
olmamalıdır.
Mayın 4-də keçirilən imtahanda "qeyri-məqbul"
qiyməti alan, həmçinin müxtəlif səbəblər üzündən imtahanda iştirak
etməyən abituriyentlər 2014-cü il iyulun 3-də keçiriləcək növbəti
"Azərbaycan dili" imtahanında iştirak edə bilərlər.