Təcili tibbi yardım maşını minik maşını ilə toqquşdu, tibb işçisi yaralandı

5 May 2014 10:55 (UTC+04:00)

Bakının Nəsimi rayonunda təcili tibbi yardım avtomobilinin iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib. Hadisə Azadlıq prospekti ilə 28 May küçəsinin kəsişməsində qeydə alınıb. 


37 yaşlı Zəfər Abdullayevin idarə etdiyi "Opel" markalı minik maşını 43 yaşlı Arif Hüseynovun idarə etdiyi təcili tibbi yardım avtomobili ilə toqquşub. Avtoqəza nəticəsində təcili tibbi yardım maşınında olan bir tibb işçisi yüngül xəsarət alıb. Həmin şəxsə elə hadisə yerində lazımi tibbi yardım göstərilib. 


Hadisənin baş verməsi səbəblərinə gəlincə, hər iki nəqliyyat vasitəsinin sürücüsü günahı bir-birində görür.


Şahidlərinin sözlərinə görə isə qəzaya təcili tibbi yardım avtomobilinin işıqforun qırmızı işığında hərəkətini davam etdirməsi səbəb olub. Bu zaman hətta avtomobilin xəbərdaredici həyəcan işıqları da sönülü vəziyyətdə olub. 


Təcili tibbi yardım avtomobilinin paytaxtda fəaliyyət göstərən özəl klinikalardan birinə məxsus olduğu bildirilir.


Yol qəzasının dəqiq başvermə səbəbləri Nəsimi Rayon Polis İdarəsinin istintaqçıları tərəfindən araşdırılır.