Nazirlik təcili işçi axtarır
5 May 2014 14:59 (UTC+04:00)
"Vergilər Nazirliyində bəzi yerlərə vakansiya yaranması və kəskin
işçi gücünə ehtiyac olması səbəbindən işə qəbulun vaxtı əvvələ
çəkilib".
Movqe.az-ın məlumatına görə, bu barədə vergilər nazirliyinin insan
resursları idarəsinin rəisi Faiq Şahbazov deyib. Bu gün keçirilən
brifinqdə açıqlama verən idarə rəisi qeyd edib ki, vakansiya üçün
19 yer müəyyən edilib:
"Bu, nazirliyin keçirdiyi 9-cu işə qəbul prosesidir. Buna qədər
keçirilən 8 qəbulda müraciət edənlərin sayı 9261 nəfərdir.
Bunlardan isə 997 nəfəri müsabiqə və müsahibə mərhələsindən keçərək
Vergilər Nazirliyində müvafiq işlə təmin olunub. 69 nəfər isə kadr
ehtiyatında saxlanılıb. Biz bu qəbulu payız aylarına nəzərdə
tutmuşduq. Ancaq bəzi yerlərə vakansiya yaranması və kəskin işçi
gücünə ehtiyac olması səbəbindən qəbulu bir az əvvələ çəkdik.
Vakansiya üçün 19 yer müəyyən edilib. Bu sayın dəyişməsi də istisna
deyil".
İdarə rəisi həmçinin qeyd edib ki, imtahanın ilk mərhələsi iyun
ayının 3-də keçiriləcək: "Artıq bu gündən sənəd qəbulu başlayır.
Sənəd qəbulu elektron formada qəbul edilir. İstənilən adam internet
vasitəsi ilə müraciət edərək sənədlərini bizə təqdim edə bilər. İki
iş günü ərzində isə onların sənədlərinin qəbul olunub-olunmaması
haqqında müvafiq bildiriş veriləcək. İmtahanların keçirilməsinə bir
gün qalmış Nazirliyin müvafiq binasına yaxınlaşaraq buraxılış
vəsiqəsi almaq mümkündür. Hazırki müddətədək artıq 25 nəfər sənəd
qəbulu üçün müraciət edib".
İdarə rəisi qeyd edib ki, əsas vakant yerlər rayonlarda yaranıb.