“Yaşıl market”lər kənd təsərrüffatı yarmarkalarını sıradan çıxaracaq?!

5 May 2014 18:45 (UTC+04:00)

Məlum olduğu kimi. Bakıda və digər iri şəhərlərdə "yaşıl market"lərin yaradılması nəzərdə tutulur. Artıq Bakıda ilk ixtisaslaşdırılmış "yaşıl market"in tikintisinin maliyyələşdirilməsi barədə də qərar qəbul olunub.   Bu cür marketlərin sayının artırılması da planlaşdırılır. "Yaşıl marketlər"in ərsəyə gəlməsi isə kənd təsərrüffatı yarmarkalarını sıradan çıxara bilər. 

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov məsələ ilə bağlı bildirib: "Yaşıl market"lərin yaradılması ilə bərabər, kənd təsərrüfatı məhsullarının sistemli istehsalını həyata keçirmək lazımdır. Fermerlərin  istehsal etdiyi məhsulu gəlib birbaşa sahəsindən qəbul edən tədarükçülər olmalıdır. Və onlar kifayət qədər çox olmalıdırlar ki, fermer üçün seçim yaransın. Hansı sərfəli olarsa, məhsulunu ona  satsın. Və yaxud da birbaşa təsərrüfatında satmaq üçün yer ayrıla bilər. Eyni zamanda fermer hər hansı marketlə də müqavilə bağlayıb məhsulunun bir hissəsini ora da sata bilər.  Bu gün fermerin sahəsi çox kiçikdir, seçimi yoxdur. Ona görə də ölkədə istənilən halda "yaşıl market"lərdə də, satış yarmarkalarında da xaricdən  idxal olunan kənd təsərrüfatı məhsulları daha çox satılır. Ona görə ki, həmin məhsul artıq bu sahə ilə məşğul olan sahibkarlar üçün lazımi şəkildə təqdim olunur. Yəni, mal əvvəlcədən qablaşdırılır, anbara vurulur və məhsulu formalaşdırmağa ehtiyac qalmır. Bizdə yeganə böyük bağlar Quba, Xaçmaz regionlarında var ki, ordan nəsə alıb gətirmək olar. Təsəvvür edin ki, 4-5 sot kiçik sahədə kəndlilər kənd təsərrüfatı məhsulu istehsal edirlər. Kəndli ilə söhbət aparmaq lazımdır ki, bu nə qədər maşının məhsulunu formalaşdırıb yığıb gətirə bilər. Ona görə də bizim tədarükçülər məhsulu öz fermerlərimizdən almır, gedib digər ölkələrdən gətirilmişləri alırlar. 

Onlara digər ölkələrdən gətirmək daha asandır, nəinki bizim fermerlərdən yığıb, qablaşdırmaq, daşımaq və s. Bu, həm baha başa gəlir, həm də vaxt aparır. Ona görə də istehsalı qaydaya salmaq lazımdır.  İstehsal sistemli şəkilə düşərsə, müasir tələblərə cavab verərsə, məhsul keyfiyyətli olarsa, məhsulun maya dəyəri ucuz olarsa, onun alıcısı istənilən qədər olacaq. Ona görə də məncə problem yalnız Bakıda "yaşıl market"lərin yaradılması ilə həll olunmur. Əsaslı şəkildə kənd təsərrüfatı məhsulunun istehsalını həyata keçirmək lazımdır". 


Yuxarıda qeyd olunduğu kimi, "yaşıl market"lər çoxaldıqca yerlərdə təşkil edilən kənd təsərrüfatı yarmarkaları sıradan çıxa bilər. Lakin  Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev Mövqe.az saytına açıqlamasında bunun yarmarkalara heç bir təsiri olmayacağıı bildirdi: "Yaşıl market"in yaradılması bu işə mane olmayacaq. Yarmarkaların təşkili əvvəlki kimi mütəmadi olaraq davam etdiriləcək. Mövsümlə əlaqədar yarmarkalarda təkmilləşmə gedəcək. Və yarmarkalar əhaliyə məlum olan ünvanlarda keçiriləcək. Son vaxtlar format da dəyişir. Yarmarkalarda hava şəraiti ilə bağlı məhsullar  örtülü şəkildə saxlanılırdısa, indi tez xarab olmasın deyə, xüsusi şəraitdə saxlanılacaq. Ümumiyyətlə, heyvandarlıq məhsullarının da, məsələn, quş ətinin, tez xarab olan məhsulların saxlanması üçün yarmarkalarda təkmilləşmə işləri gedəcək.  Və dediyim kimi, yarmarkaların mütəmadi olaraq Bakı şəhərində məlum ünvanlarda təşkil edilməsi davam edəcək".