Bu gün səhər saatlarında Bakı Metropolitenində
sərnişinlər problemlə qarşılaşıb.
ANS PRESS-in hadisə yerində olan müxbirinin
verdiyi məlumata görə, hadisə saat 08:30-da metronun "Elmlər
Akademiyası" stansiyasında baş verib.
Belə ki, stansiyada sərnişinlərin sıxlığına
baxmayaraq, stansiyanın 3 eskalatorundan yalnız biri çölə işləyib.
Digər iki eskalator isə metroya girən sərnişinlər üçün açıq olub.
Baxmayaraq ki, səhər saatlarında "Elmlər Akademiyası" stansiyasına
gedən sərnişinlər az, stansiyadan çıxan sərnişinlər çox
idi.
Bunun səbəbini metro işçisindən soruşduqda isə
onlar sərnişinlərə çox kobud şəkildə cavab verdilər. Sonradan
sərnişinlərin stansiyanı tam tutması və çoxsaylı etirazlardan sonra
eskalatorlardan ikisi çölə çıxan sərnişinlərə xidmət göstərməyə
başladı.
Məsələ ilə əlaqədar Bakı Metropoliteni ilə əlaqə
saxladıq. Metronun mətbuat xidmətindən ANS PRESS-ə bildirdilər ki,
həqiqətən də, səhər saat 08:35 radələrində stansiyanın
eskalatorunda texniki nasazlıq yaranıb. Sonradan isə problem aradan
qaldırılıb.
"Eskalatorun birində texniki nasazlıq yaranmışdı.
6 dəqiqə ərzində problem aradan qalxdı. Sonradan eskalatorun
yoxlanma prosesi gedib deyə, hər iki eskalator aşağı doğru hərəkət
edib. Sonradan problem həll olunub və sərnişinlər normal hərəkət
edib", - deyə metropolitendən bildirilib.