Piyada üzünə həsrət keçidlər

6 May 2014 14:29 (UTC+04:00)

Sosioloq Əhməd Qəşəmoğlu problemin əsasında maarifləndirmə işlərinin az aparılmasının dayandığını bildirir: "Bu  hallarla bağlı cərimə tətbiq olunmasını təklif edən şəxslərdən biri də vaxtilə mən olmuşam. Cərimələrə rəğmən, hələ də keçidlərin istifadəsiz qalmasının səbəbi maarifləndirmə işlərinin zəif aparılmasıdır. Ölkədə bununla bağlı ictimai rəy formalaşdırılmalıdır. Cərimə inzibati yoldur. İnzibati yolla hansısa qaydanı qəbul etdirmək heç bir zaman heç bir ölkədə mümkün olmayıb. İnsanı daxilən hazırlamaq lazımdır. Bizdə məhz bu proses getmir. Yalnız televiziyada 1-2 dəfə təbliğat aparmaqla insanlar qaydaya tabe olmazlar. Dediyim kimi, ictimai rəyi fomalaşdırmaq lazımdır. Bununla bağlı ciddi maarifləndirmə işi aparmaq lazımdır. Mən məsələ ilə bağlı Dövlət Yol Polisinə də, Nəqliyyat Nazirliyinə də təklif yazmışam. Bu məsələnin bir tərəfidir".

Sosioloqun sözlərinə görə, ikinci tərəfdən problem odur ki, avtobus dayanacaqları ilə keçidlərin arasında məsafə uzundur: "Avtobusdan düşən vətəndaş xeyli yol gedib keçiddən istifadə etməkdənsə, baxır ki, heç kim görmürsə, yolu elə hardan gəldi keçmək ona sərfəlidir. Əslində, keçid hardadırsa, avtobus dayanacağı da orda olmalıdır ki, camaat avtobusdan düşəndə tez keçidə daxil ola bilsin. Uzun bir yol gedib keçidi axtarmasın. Buna görə vətəndaşı qınamaq olmaz. İnfrastuktur düzgün qurulmalıdır. Ona görə də hesab edirəm ki, piyadaların keçidlərdən istifadəsinin təmini üçün bu gün inzibati qayda qəbul olunsa da, bunun arxasında vacib olan görüləcək digər işlər qalır".