Tələbələrin akademik yükü azaldılacaq
6 May 2014 16:13 (UTC+04:00)
Azərbaycanda gələn tədris ilində ali təhsil
müəssisələrində tələbələr üçün akademik yükün azaldılması nəzərdə
tutulur. Movqe.az-ın məlumatına görə, bunu jurnalistlərə
Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov
bildirib. Onun sözlərinə görə, hazırda
ali məktəblərdə akademik saatların sayına yenidən
baxılır.
Onun sözlərinə görə, yeni tədris ilində tətbiq
olunacaq əhəmiyyətli dəyişikliklərdən biri akademik saatların
bölgüsünün yenidən aparılması ilə bağlıdır.Nazir bildirib ki, ali təhsildə ixtisas fənləri ilə
qeyri-ixtisas fənləri arasında akademik saatların bölgüsü
istiqamətində də təkmilləşmələr həyata keçirilir: "Avropanın
aparıcı təhsil məktəblərini bizim ali təhsil müəssisələri ilə
müqayisə etsək, görərik ki, model kimi götürülən təhsil sistemi və
universitetlərdə akademik saatların sayı bizim məktəblərlə
müqayisədə daha azdır. Amma həmin fənlərin tədrisi daha dərin
həyata keçirilir. Bu da nəticə etibarilə mütəxəssislərin,
məzunların bilik və savad keyfiyyətlərinə, nəticəyə təsir
göstərir".
M.Cabbarov qeyd edib ki, təhsildə tədrisin məzmunu
ana prinsip olmalıdır: "Tədrisin formallığından keyfiyyətin
artırılmasına keçidi təmin etməliyik və bu istiqamətdə işlər həyata
keçirilir".