Nazir: "Mobil operatorlar tarifləri aşağı salacaq"
6 May 2014 16:18 (UTC+04:00)
"Mobil operatorlar arasında qiymətlər ucuzlaşacaq.
Bu məsələ ilə bağlı operatorlar arasında danışıqlar başa çatma
mərhələsindədir".
Movqe.az -ın məlumatına görə, bunu jurnalistlərə
rabitə və yüksək informasiya texnologiyaları naziri Əli Abbasov
deyib. O bildirib ki, mobil
operatorların nümayəndələri ilə yenidən görüş keçirilib. Nazir qeyd
edib ki, bu məsələ ilə bağlı operatorlar arasında danışıqlar başa
çatma mərhələsindədir: "Onları
yanvarın kollegiya iclasının qərarları ilə tanış etdik. İndi
gələcəyə daha optimist baxıram. Çünki onlar ucuzlaşdırılmış vahid
operatorlar arası qiymət üzrə danışıqları yekunlaşdırırlar. Bundan
sonra onların imkanı olacaq ki, qiymətləri müəyyən qədər aşağı
salsınlar. Qiymətlər bazar üzrə müəyyənləşir. Operatorlara çox
təzyiq etmək olmaz. Qiymətlərin həddindən çox aşağı salınması
inkişafa müəyyən qədər təsir göstərir. Qiymətlərin müəyyən qədər
aşağı salınması üçün imkan var".
Əli Abbasov qeyd edib ki, ümumilikdə Azərbaycanda
mobil rabitə tarifləri bazarın reallıqlarına uyğundur və onlara
təsir göstərmək olmaz. Nazirin sözlərinə görə, bu, sözügedən
sahənin inkişafına mənfi təsir göstərə bilər.