Vüqar Bayramlı: "Azərbaycan, Türkiyə və Gürcüstan enerji sahəsində regionun aparıcı dövlətləridir" MÜSAHİBƏ

6 May 2014 19:11 (UTC+04:00)

Avropa Birliyinin Şərq Tərəfdaşlığı Proqramının Vətəndaş Cəmiyyəti Forumunun həmsədri, iqtisadçı-ekspert Vüqar Bayramlının SƏS TV-yə müsahibəsi:


- Bu gün Tbilisidə Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə keçirilən zirvə toplantısının ölkəmiz üçün əhəmiyyətini şərh edərdiniz.


- Adıçəkilən ölkələrin hər biri regionun aparıcı dövlətləridir. Azərbaycan, Türkiyə və Gürcüstan enerji layihələrinin reallaşmasında iştirak edən ölkələrdir. Azərbaycan Türkiyə və Gürcüstan vasitəsilə Avropanın enerji təhlükəsizliyində birbaşa iştirak edir. Azərbaycanlı iş adamları həm enerji, həm də qeyri-enerji sektorunda Gürcüstanda kifayət qədər aktivdirlər. ARDNŞ Gürcüstanda ən çox vergi ödəyən şirkətlərdən biridir. Praktik olaraq Azərbaycan təkcə enerji layihələri üzrə adıçəkilən ölkə ilə əməkdaşlıq etmir. Ölkəmiz Gürcüstanla həm də qeyri-neft sektorunda, idxal-ixrac əməliyyatlarında birbaşa əməkdaşlıq edilər. Türkiyə isə Azərbaycanın strateji müttəfiqidir. Azərbaycanlı iş adamlarının Türkiyə iqtisadiyyatına yönəltdiyi investisiyaların həcmində kəskin artımlar var. Əgər öncəki illərdə türk iş adamları Azərbaycan iqtisadiyyatına daha çox sərmaye qoyurdusa, hazırda bu nisbət azərbaycanlı iş adamlarının xeyrinədir. İmzalanmış son müqavilələrə əsasən, Azərbaycanın iş adamlarının Türkiyə iqtisadiyyatına yönəldəcəyi investisiyanın həcmi 15 milyard dollar olacaq. "Şahdəniz- 2" layihəsi ilə bağlı əldə olunan müqavilədə Azərbaycan, Türkiyə və Gürcüstan aktiv ölkələrdir. Sözügedən anlaşma dünyanın ən böyük investisiya layihəsidir və onun dəyəri 45 milyard dollardır. Bu investisiyanın 25 milyard dolları Azərbaycanın və Gürcüstanın iqtisadiyyatına investisiya ediləcək. "Şahdəniz - 2" layihəsinin icrası, həm də Azərbaycanda və Türkiyədə yeni iş yerlərinin açılması deməkdir.


- Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolu xətti üzrə tikinti başa çatmaq üzrədir. Prezidentlər sammit çərçivəsində layihə ilə bağlı yeni təkliflərlə çıxış edə bilərlərmi?


- Cari ildə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi gözlənilir. Dəmir yolu xəttinin çəkilməsi ideyası Azərbaycana aiddir, ölkəmiz layihənin reallaşmasında aktiv rol oynayır. Layihə çərçivəsində Azərbaycan Gürcüstana maliyyə öhdəliklərini yerinə yetirmək üçün çox aşağı faizlərlə kredit verib. Dəmir yolu xəttinin Türkiyə hissəsindəki inşaat işləri də yekunlaşmaq üzrədir. Hazırda Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inşası ilə bağlı texniki problemlər yoxdur. Lakin müəyyən məsələlərin razılaşdırılmasına ehtiyac var. Bu, Xəzər dənizinin Avropaya birləşdirilməsini özündə ehtiva edən layihədir. Layihənin Azərbaycan üçün özəlliyi ondan ibarətdir ki, dəmir yolu xətti Ermənistandan keçmir. Amerika və dünyanın digər inkişaf etmiş ölkələri dəmir yolu xəttinin Ermənistandan keçməyəcəyi təqdirdə, layihəyə kreditin ayrılmayacağını bəyan etdi, erməni lobbisi layihənin reallaşmasına qarşı kampaniyaya başladı. Lakin Azərbaycan Prezidentinin siyasi iradəsi birmənalı şəkildə Qərblə Şərqi birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inşasını reallığa çevirdi.


- Vüqar müəllim, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (TAP) və TANAP layihəsinin həyata keçirilməsi ilə Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolunu necə dəyərləndirirsiniz?


- Ümumiyyətlə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunu qiymətləndirərkən ilk növbədə TAP layihəsini qeyd etmək lazımdır. Çünki bu mavi yanacağın Cənubi Avropaya nəqlini nəzərə tutan əsas layihədir. Azərbaycan TAP layihəsinin vasitəsilə birinci mərhələdə Avropa bazarına 10 milyard kub metr mavi yanacaq nəql edəcək. növbəti mərhələdə isə bu 20 milyarda kub metrə qədər artacaq. Azərbaycan TANAP layihəsi vasitəsilə isə birbaşa Türkiyə bazarına çıxacaq. Birinci mərhələdə ölkəmiz Türkiyə bazarına 12,6 milyard kub metr mavi qaz nəql edəcək. Ölkəmiz il ərzində 28 milyard kub metr mavi yanacaq hasil edir. Azərbaycanın mavi yanacaq hasilatında əldə etdiyi artımlar Azərbaycanın Avropanın enerji təhlükəsizliyində aktiv iştirakını təmin edir. 2017-ci ildə "Şahdəniz - 2" istifadəyə verildikdən sonra Azərbaycan mavi yanacaq hasilatını 40 milyard kub metrə qədər artıracaq. "Abşeron" yatağının istifadəyə verilməsi isə Azərbaycanın mavi yanacaq hasilatının həcmini 55 milyard kub metrə çatdıracaq. Bu da Mərkəzi-Şərqi Avropanın, eləcə də Cənubi Avropanın mavi yanacağa olan tələbatının ödənilməsində kifayət qədər ciddi rola malikdir.