Bu yay metroda "bişəcəyik"

7 May 2014 12:31 (UTC+04:00)
Bu yay Bakı metropolitenində qatarların vaqonlarında və ya platformalarda kondisionerlərin quraşdırılması nəzərdə tutulmayıb. 

Bunu ANS PRESS-ə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib. O, bildirib ki, Bakı Metropolitenində qatarların vaqonlarında və ya platformalarda kondisionerlərin quraşdırılması baha başa gəldiyi üçün bundan vaz keçilib. 

"Ona görə də kondisionerlərin quraşdırılması real görünmür. Lakin istər qatarlarda, istərsə də platformalarda havalandırma sistemi işləyir. Qatar tuneldə qalarsa, havalandırma sistemi yenə də işlək vəziyyətdə olur", - deyə Nəsimi Paşayev bildirib.

Qeyd edək ki, son günlər Bakı metrosunda qatarların nasazlıq səbəbindən tuneldə qalması halları tez-tez baş verir. Bu zaman qatarda sıxlıq olduğundan sərnişinlər arasında diskomfort hissi yaranır.