DSX-də konfrans keçirilib
7 May 2014 18:03 (UTC+04:00)
Dövlət Sərhəd Xidmətinin (DSX) aparatında Heydər
Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş
elmi-praktiki konfrans keçirilib. DSX-dən Movqe.az-a verilən
məlumata görə, konfrans çərçivəsində Azərbaycan Respublikası Milli
Məclisinin deputatları Aydın Mirzəzadənin "Heydər Əliyev şəxsiyyəti
Azərbaycan dövlətçiliyinin parlaq simvoludur", Musa Qasımlının
"Heydər Əliyev və Azərbaycanın xarici siyasəti", DSX rəisinin şəxsi
heyət üzrə müavini general-mayor Azad Ələkbərovun "Heydər Əliyev
milli sərhəd mühafizəsi strategiyasının banisidir" mövzularında
məruzələri dinlənilib.
Çıxışlarda Dahi Öndər Heydər Əliyevin Azərbaycan
Sərhəd Mühafizəsinin formalaşdırılması və inkişafındakı müstəsna
xidmətləri, Dövlət Sərhəd Xidmətini yaratmaqla Azərbaycan
dövlətinin öz sərhədlərini müstəqil mühafizə etmək qətiyyətini
və imkanlarını nümayiş etdirməsini, Dövlət Sərhəd Xidmətinin illik
hesabatlarını şəxsən qəbul edərək sərhədçilərlə keçirdiyi
görüşlərdə milli sərhəd siyasətimizi formalaşdırması,dövlət
sərhədlərinin mühafizəsi strategiyasını müəyyən etməsi xüsusi qeyd
olunub.
Konfrans iştirakçıları tərəfindən son illər
ərzində Azərbaycan Respublikasının dünyanın ən dinamik inkişaf edən
ölkələrindən birinə çevrilməsinin respublikamızın geostrateji,
iqtisadi və mədəni potensialının gerçəkləşdirilməsi istiqamətində
Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş
Komandanı cənab İlham Əliyevin ardıcıl olaraq həyata keçirdiyi
siyasətin real nəticəsi olması xüsusi vurğulanıb.
Konfransın sonunda Ulu Öndərin həyat və
fəaliyyətindən bəhs edən sənədli film nümayiş
olunub.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının
91-ci ildönümü ərəfəsində təsdiq olunmuş tədbirlər planına əsasən
Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissələrində Dahi Öndərin uca
xatirəsinə həsr olunmuş konfranslar, tematik axşamlar, disputlar
keçirilmiş, onun həyat və fəaliyyəti barədə filmlər şəxsi heyətə
nümayiş etdirilmiş, sərhədçilərin Heydər Əliyev mərkəzlərinə
ekskursiyaları təşkil olunub.