Lisenziyalaşdırma Komissiyasının iclası keçirilib

8 May 2014 13:55 (UTC+04:00)

Bu gün AFFA-nın inzibati binasında Lisenziyalaşdırma Komissiyasının iclası keçirilib. Movqe.az AFFA-ya istinadən xəbər verir ki, iclasda 2014-2015-ci il mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmək üçün müraciət edən 9 klubun (AZAL PFK, "Bakı" FK, "Qarabağ" FK, "Qəbələ" İK, "İnter" PİK, "Xəzər Lənkəran" FK, "Neftci" PFK, "Rəvan" FK, "Simurq" PİK) sənədlərinə baxılıb.

 

AFFA-nın Lisenziyalaşdırma Komissiyası "UEFA-nın klub yarışlarında iştirak etmək üçün Azərbaycan Futbol Klublarının Lisenziyalaşdırılması üzrə qaydaları"n 9-cu maddəsinə (Buraxılış 2013) əsaslanmış müzakirələrdən sonra aşağıdakıları qərara alıb:

 

1. UEFA-nın klub yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:

AZAL PFK, "Qarabağ" FK, "Qəbələ" İK, "İnter" PİK, "Xəzər Lənkəran" FK, "Neftci" PFK.

 

2. UEFA-nın klub yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilməsin:

"Bakı" FK, "Rəvan" FK, "Simurq" PİK.

 

Həmçinin iclasda 2014-2015-ci il mövsümündə Premyer Liqa yarışlarında iştirak etmək üçün müraciət edən 8 klubun ("Ağsu" FK, "Araz-Naxçıvan" PFK, "Kəpəz" PFK, "Qaradağ Lökbatan" FK, "Neftçala" FK, "Sumqayıt" FK, "Şuşa" FK, "Turan-T" İK) sənədlərinə ilkin baxış keçirilib və qərara alınmışdır:

 

1. Lisenziya iddiaçısı olan klublara 2014-2015-ci il mövsümündə Premyer Liqa yarışlarında iştirak etmək üçün lisenziyanın verilib-verilməməsi ilə bağlı qərarın çıxarılması üçün əlavə sənədlərin araşdırılması tələb olunduğuna görə həmin qərarlar növbəti iclasda qəbul olunsun.

 

2. Müvafiq klublar əlavə araşdırma üçün tələb olunan sənədləri AFFA-nın Lisenziyalaşdırma Qrupuna 14.05.2014-cü il tarixinədək təqdim etməlidir ki, Lisenziya Komissiyası tərəfindən araşdırılıb müvafiq qərarlar qəbul olunsun.

 

3. 2014-2015-ci il mövsümündə Premyer Liqa yarışlarında iştirak etmək üçün müraciət etmiş klublara ("Ağsu" FK, "Araz-Naxçıvan" PFK, "Bakı" FK", Kəpəz" PFK, "Qaradağ Lökbatan" FK, "Neftçala" FK, "Rəvan" FK, "Sumqayıt" FK, "Simurq" PİK, "Şuşa" FK, "Turan-T" İK) lisenziyaların verilib-verilməməsi ilə bağlı qərarlar Lisenziya Komissiyasının 15.05.2014-cü il tarixdə keçiriləcək iclasında qəbul olunsun.