“Eurovision-2014” iştirakçıları açıq məşq keçiriblər (FOTO)
10 May 2014 11:10 (UTC+04:00)
Ötən gün "B and V" Arenanın səhnəsində
"Eurovision-2014" mahnı müsabiqəsinin finalında çıxış edəcək
iştirakçıların mətbuat üçün açıq məşqi keçirilib.
Movqe.az Azertac-a
istinadən xəbər verir ki , ötənilki
yarışmanın qalibi kimi finala birbaşa vəsiqə qazanmış Danimarka və
"Böyük beşlik" təmsilçiləri də daxil olmaqla, finalda iştirak
edəcək 26 ölkə "B and V" Arenanın səhnəsində bir-birinin ardınca
məşq ediblər.
İlk olaraq səhnəyə çıxan "Eurovision-2014"
şousunun aparıcıları Liza Ronne, Pilo Asbek və Nikolay Koppel bu
mötəbər layihənin tamaşaçılarını salamlayıblar. Ötən il İsveçin
Malmö şəhərində keçirilmiş "Eurovision-2013" mahnı müsabiqəsində
qələbə qazanan Emmelie de Forest "Only teardrops" mahnısını
tamaşaçılara təqdim edib.
Daha sonra səhnəyə "Tick tock" mahnısı ilə Ukrayna
təmsilçisi Mariya Yeremçuk çıxıb. Mahnının birgə bəstəkarı olan
isveçli Sandra Byurman və Stefan Örn Səfurə Əlizadənin 2010-cu ildə
Norveçin paytaxtı Oslo şəhərində keçirilən "Eurovision"
müsabiqəsində ifa etdiyi "Drip drop" və 2011-ci ildə Almaniyanın
Düsseldorf şəhərində keçirilən bu mötəbər yarışmada ölkəmizə qələbə
qazandıran Eldar Qasımov və Nigar Camalın "Running scared"
mahnılarının da müəllifləridir.
Mətbuat nümayəndələri üçün keçirilmiş məşqlərdə
Azərbaycan təmsilçisi Dilarə Kazımova 3-cü nömrə altında Stefan
Örnün bəstələdiyi "Start a fire" mahnısını təqdim edib.
Təmsilçimizin şousunda sevgidə baş verən dəyişikliklər səhnə
performansında təcəssüm olunur. İnsanların bir-birinə,
ətrafındakılara qarşı daha duyarlı olmasına çağırılır. Mahnıda adi
qığılcımın böyük bir alov yarada biləcəyindən söhbət
açılır.
Məşqlərdə, həmçinin yarışmanın final mərhələsi
üçün hazırlanmış xüsusi şou da mətbuat nümayəndələrinə təqdim
edilib.
Qeyd edək ki, mayın 10-da Bakı vaxtı ilə gecə saat
00.00-da "B and V" Arenada müsabiqənin final şousu
başlayacaq.