Amerikalı alimlər yenidən Bakıda dəhşətli zəlzələ olacağını bəyan edirlər

28 İyun 2012 09:00 (UTC+04:00)

Məlum olduğu kimi bu günlərdə ABŞ-ın nüfuzlu Massaçusets Texnoloji İnstitutunun (MİT) alimləri Bakı şəhərinin güclü zəlzələ riski altında olduğu barədə xəbərdarlıq ediblər. MİT-in məlumat xidməti xəttilə iyunun 14-də "Journal of Natural Hazards" mətbu nəşrində yayılmış məqalədə Azərbaycanda tarixən dəfələrlə güclü zəlzələlərin baş verdiyi qeyd olunur.

Bu sırada 1859 ildə Azərbaycanın mərkəzi regionu olan Şamaxıda baş vermiş dağıdıcı zəlzələ ayrıca qeyd olunur. Vurğulanır kı, zəlzələ nəticəsində o dövrdə Azərbaycanın paytaxtı olmuş Şamaxı şəhəri tamamilə yerlə yeksan olduğundan, paytaxt Xəzərin sahilində yerləşən Bakı şəhərinə köçürülüb.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunun Seysmologiya və Geodinamika şöbəsinin müdiri Fəxrəddin Qədirov isə bildirib ki, elmi tədqiqatların nəticəsinə əsasən, Azərbaycanda bir neçə yerdə hazırda gərginlik toplanılması gedir: "Bu gərginlik toplanılması o deməkdir ki, yaxın 10 ildə və ya daha artıq müddətdə burada enerjinin toplanılması kritik həddə çata bilər. Belə bölgələrdən biri Zaqatala-Şəki zonası idi. Burada hadisələr gözlədiyimiz şəkildə davam etdi. İkinci yer isə məqalədə də göstərdiyimiz kimi Abşeronun cənubudur. Abşeronun cənubunda enerji toplanılması müşahidə olunur. Amma burada dəhşətli hadisə olacağından söhbət getmir. Sadəcə olaraq, evlərin tikilməsi, boru xətlərinin salınması zamanı deformasiyanın qarşısını almaq üçün aidiyyəti instansiyalara informasiya vermək xarakteri daşıyır. "Journal of Natural Hazards"da bizim bu tədqiqatlarımızın nəticələri əks olunub. Həmin tədqiqatlar Massaçusets Texnologiya İnstitutunun saytında da yerləşdirilib".

Bu arada isə yenidən məlum olub ki, Massaçusets Texnoloji İnstitutunun alimləri Azərbaycanda güclü zəlzələ riskləri barədə bu yaxınlarda ictimailəşmiş araşdırmaları ətrafında Bakıdakı spekulyasiyalardan ciddi narahatdırlar.

Söhbət yenə "Journal of Natural Hazards"da İnstitutun Azərbaycan seysmoloqları ilə birlikdə Qafqaz və Xəzər sahillərində yer qabığında apardıqları araşdırmaların nəticələrinə dair məqalədən gedir.

Araşdırmanın həmmüəllifi, elmlər doktoru Mayk Floyd 10 ildən artıq Bakı və ətraf rayonlarda apardıqları geoloji müşahidənin başlıca nəticələrini yenidən izah edib: "Journal of Natural Hazards"da dərc olunan məqalə geniş araşdırma-hesabatın qısaca xülasəsidir, tövsiyə edərdim ki, mövzu ilə maraqlananlar və fikir yürüdənlər bizim tədqiqatın əsli ilə tanış olsunlar. Əsas mesaj odur ki, biz Kiçik Qafqaz dağlarının şimal kənarı ilə Abşeron yarimadasına qədər ətraf region arasında yer səthinin hərəkət dərəcəsində dinamik fərq müşahidə edirik və əslində bu, müxtəlif səbəblərlə, məsələn, dağ silsiləsində paralel sıxılmalar, Xəzər dənizi sahili boyunca baş verən yerdəyişmələr və yaxud da ikisinin kombinasiyası ilə izah oluna bilər. Ancaq yerin bu cür differensial hərəkətləməni necə həzm etməsinə dair alimlər arasında vahid yanaşma yoxdur və əslində nəinki qüsurlu yer strukturlarından konkret hansının bu mərhələdə aktiv olması, hətta onların mövcudluğuna dair elmi fikir ayrılıqları mövcuddur. Bu, deməyə imkan verir ki, konkret hansı ərazidə təhlil aparıb nəticə çıxarmaq üçün əlimizdə kifayət qədər bilgi yoxdur və bu, əlavə araşdırma üçün səbəb olaraq qalır.

Elm adamları olaraq biz sadəcə olaraq, diqqəti potensial problemlərə çəkməyə, sənaye və dövlət strukturlarını mümkün təhlükəyə daha asan cavab verə bilmək üçün əməkdaşlığa, əlavə tədqiqata cəlb etmək ümidi ilə sübutlar təqdim etməyə çalışırıq. Çünki zəlzələ təhlükələrinə qarşı ən yaxşı mübarizə hazırlıqdan keçir, bu isə hər bir fərdin, hökumət və sənayenin məsuliyyətində olan bir işdir.

Araşdırmamızın mesajı da məhz elə bundan ibarətdir: Biz Abşeron yarımadası və Kürboyu regionlarda zəlzələlərin potensialı barədə əlavə tədqiqat və ümumi məlumatlandırmaya bir növ, çağırış edirik.

Əlbəttə ki, Azərbaycan dağları və seysmik aktivliyi ilə zəlzələlərin baş verdiyi ölkə olaraq tanınır.

Şübhəsiz ki, insanlar bizim araşdırmaya münasibət bildirməkdə sərbəstdirlər, ancaq potensial təbii fəlakət anında biz faktlardan imtina edib panikə yol açmaqdansa, ümumi məlumatlandırmanı və hazırlığı vacib sayırıq. Ola bilsin ki, araşdırmamız Azərbaycan insanlarına potensial zəlzələ anında bəhrələnmək üçün yeni heç nə demir. Ancaq məsələn, 2000-ci ilin noyabr ayında Bakı yaxınlığında baş vermiş zəlzələlər hələ də yaddaşlardadır. Zəlzələlər bu regionda hər zaman mümkündür, ancaq gələcək təkanların konkret ünvanı və vaxtı barədə hər hansı gözlənti irəli sürmək, təxminlər hazırlamaq mümkünsüzdür".

O qeyd edir ki, azərbaycanlı həmkarlarla əməkdaşlığımız olduqca vacibdir: "Onların dəstəyi olmadan bu işi ortaya qoya bilməzdik. "The Journal of Natural Hazards"dakı yazı əslində onlarla birlikdə hazırlanıb və həmmüəlliflərin hər biri son versiyadan razılıqlarını ifadə ediblər.

Əslində araşdırmanın nəticələrinə heç kəs şübhə etmir, yəni Azərbaycanın cənubunda yerləşən bölgə ilə Avrasiya platosu arasında ildə 12 millimetr sürəti ilə tektonik irəliləmə gedib.

İnsanlar bu dəyişikliyin nəticələri barədə suallar irəli sürə, interpretsiyalar edə bilərlər. Hazırda biz müzakirə mərhələsindəyik və ümid edirik ki, Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Tədqiqatlar Mərkəzinin alimləri ilə əlavə əmədaşlığa nail ola bilərik. Bu, Bakı, region və ümumilikdə Azərbaycanboyu məlumatları toplamaq işində böyük addım olardı.

Gələcəkdə bütün azərbaycanlı həmkarlarımızla birlikdə çalışmaq imkanı yaranacağına ümid bəsləyirik".

Azərbaycanda baş verən zəlzələlərin ən vacib aspektlərini isə Mayk Floyd Bi-Bi-Si-yə müsahibəsində belə izah edib: "Dediyim kimi, Azərbaycan qərbi Qafqaz boyunca, xüsusilə Şamaxı ətrafında zəlzələləri ilə olduqca məşhurdur. Lakin bizim narahatlığımız və eləcə də araşdırmamız zamanı ortaya çıxan suallar Abşeron yarımadası və Kür hövzəsi boyunca hansı təhlükələrin olması barədədir. Bu bölgələrdə, məsələn, Qafqaz dağlarının qərbində olduğu kimi, davamlı olaraq zəif yaxud dağıdıcı zəlzələlər barədə qeydlər yoxdur. Əlimizdə olan ən etibarlı məlumatlar ən yaxşı halda 2 əsrlik, ən pis halda isə 50 illik təkandan bəhs edir. Bu natamam bilgi gələcək gözləntiləri hesablamağa bəs etmir.

Zəlzələ hazırlığı üçün ən effektiv addımlar üçün isə ilk növbədə, ətraf mühitə nəzər salmaq lazımdır.

Biz hamımız zəlzələlər, daşqınlar, qasırğa və digər bu kimi təhlükələrlə dinamik olan planetin sakinləriyik və təcrübə də deyir ki, bu kimi vəziyyətlərdə əvvəldən qida və su tədarükü, dost-tanışla və ailədaxili kommunikasiyanı saxlamaq üçün planın mövcudluğu yaxşı fikirdir.

Kaliforniya, Türkiyə, Yaponiya və digər zəlzələyə meylli bölgələrdə bu kimi məsələlərə olduqca böyük diqqət ayrılır. Bizim Azərbaycanlı həmkarlarımız da bu təşəbbüslər barədə yaxşı məlumatlıdırlar və onlardan zəlzələ zərərlərinin yüngülləşdirilməsi naminə öz strategiyalarının inkişafı işində istifadə edirlər".