Heydər Əliyev Fondu "Qabusnamə"ni iki dildə nəşr etdirib
10 May 2014 22:00 (UTC+04:00)
Heydər Əliyev Fondu bir çox Şərq ölkələrində
məşhur olan "Qabusnamə" kitabını Azərbaycan və rus dillərində nəşr
etdirib.
Movqe.az xəbər verir ki , Fonddan verilən məlumata
görə, kitabın bu nəşri Heydər Əliyev Fondunun 10 illik yubileyinə
həsr olunub.
Qeyd edək ki, "Qabusnamə" tərbiyəyə və etikaya aid
mühüm məsələləri özündə ehtiva edən etik-didaktik əsərdir. Bu əsəri
1082-1083-cü illərdə Azərbaycanın cənubunda, indiki İranın
şimalında yerləşən Gilan dövlətinin padşahı Ünsürülməali
Keykavus oğlu Gilanşaha müraciətlə yazıb. Nəsihət janrında
yazılmış əsər üslubu sadə olmaqla yanaşı, canlı və əyləncəli
ifadə edilmiş hekayələrdən, müdrik müəllif kəlamlarından
ibarətdir.
"Qabusnamə" orta əsrlərdə hökmdarların, din
xadimləri, elm adamları və müəllimlərin masaüstü kitabı olub. Bu
əsər mənəviyyat qaynağı olaraq əsrlər boyu gənc nəslin tərbiyəsində
mühüm rol oynayıb.