Gənc əsgərlər and içdilər (FOTO)
11 May 2014 16:00 (UTC+04:00)
Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə
və birləşmələrdə gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
Movqe.az xəbər verir ki , Nazirliyin mətbuat xidmətindən
verilən məlumata görə, Silahlı Qüvvələrin birlikləri və
Əlahiddə Ümumqoşun Ordusunun hərbi hissələrinin ərazilərində təşkil
edilmiş mərasimlərdə hərbi rituala uyğun olaraq döyüş bayrağı sıra
meydanına gətirilib, Azərbaycan Respublikasının Dövlət himni oxunub
və tədbir açıq elan edilib.
Sonra gənc əsgərlər təntənəli surətdə hərbi andı
qəbul ediblər. Andiçmə mərasimlərində hərbi hissələrin
komandanlığı, yerli icra orqanlarının və ictimaiyyətin
nümayəndələri, veteranlar və əsgərlərin valideynləri iştirak
ediblər.
Andiçmə mərasimində çıxış edən hərbi qulluqçular,
valideynlər və ictimaiyyət nümayəndələri gənc əsgərlərə nümunəvi
olmağı, nizam-intizamlı xidmət etməyi, silah və texnikanın
sirlərini dərindən öyrənərək döyüş qabiliyyətlərini artırmaları,
komandir-rəis heyətinin əmr və sərəncamlarını dəqiq və vaxtında
yerinə yetirmələrini və işğal olunmuş torpaqlarımızın azadlığı
uğrunda döyüşə hər an hazır olmağı tövsiyə
ediblər.
Rəsmi mərasim bağlı elan olunduqdan sonra şəxsi
heyətin qarşısında konsert proqramı təşkil edilib, əsgərlərin
valideyinləri ilə görüşləri və hərbi hissələrdə yaradılmış şəraitlə
tanışlıq olub.