Qubada coxkanallı rəqəmsal stansiya istifadəyə verilib.
Movqe.az ANS TV-ə istinadən xəbər verir ki, Bakı və Gəncədən sonra
şimal bölgəsinin əhalisi də kommersiya yönümlü çoxkanallı
verilişləri izləyə biləcəklər.
Heydər Əliyevin doğum günü münasibətilə Rabitə və Yüksək
Texnologiyalar Nazirliyinin xəttilə Quba rayonunun Dağlı kəndində
yeni teleradio yayım stansiyasında kommersiya rəqəmli çoxkanallı,
keyfiyyətli televiziya xidməti istifadəyə verildi. Nazirliyin
Teleradio İstehsalat Birliyinin texniki direktoru Mikayıl Abbasov
buradakı stansiyanın bölgə üzrə yayım dairəsini açıqladı.
Mikayıl Abbasovun sözlərinə görə, Bakı və Gəncə şəhərindən sonra
Quba televiziya stansiyasında qurulmuş 4 televiziya vericisi
vasitəsilə "EMPQ" standartında, "T1" və "T2" formatında yüksək
keyfiyyətli 90-dan artıq televiziya kanalları bu gün Qusar, Quba,
Xaçmaz, Şabran rayonlarını və ətraf ərazilərdə yaşayan bölgələri
tam əhatə edir: "Hazırda istifadəyə verilmiş vericilərin
istismarından sonra əhali artıq yerli kanallarla yanaşı, 90-dan
artıq xarici kanala birbaşa baxmaq imkanı əldə edəcək".
Yeni xidmətin aylıq ödəniş haqqı 6 AZN-dir. Bu xidmətə qoşulmaq
istəyən vətəndaşlar müvafiq qəbuledici qurğuları istənilən
elektronika mağazalarından əldə edə bilərlər. Nazirlik
nümayəndəsinin dediyinə görə, bu qəbilli yeni xidmətlər ilin
sonunacan Lənkəran və Zaqatala rayonlarında da istifadəyə
veriləcək.