Xaricdə təhsil alanlarla bağlı yenilik
12 May 2014 16:18 (UTC+04:00)
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində xaricdə
təhsil ilə bağlı aparılan islahatların davamı olaraq Proqram
təqaüdçülərinin illik qeydiyyat formasında dəyişiklik edilib. Belə
ki, proqram təqaüdçüləri hər tədris ilinin sonunda qeydiyyatdan
keçməlidirlər. Nazirlər Kabinetinin
2008-ci il 27 noyabr tarixli, 261 nömrəli qərarı ilə təsdiq edilmiş
Təhsil Nazirliyi ilə Dövlət Proqramı təqaüdçüsü arasında bağlanmış
müqavilənin 2.3.6-cı bəndinə uyğun tədris ili bitdikdən sonra 20
(iyirmi) təqvim günü ərzində illik tədrisin nəticələrinə dair rəsmi
çıxarışlarla elektron qaydada hesabat təqdim edərək qeydiyyatdan
keçəcəklər. Qeydiyyatla bağlı tələb
olunan sənədlərə "Təhsil alanın cari tədris ilini müvəffəqiyyətlə
bitirərək növbəti tədris ilinə keçməsini təsdiq edən ali məktəbin
rəsmi sənədi" (sənəddə növbəti tədris ilinin başlama və bitmə
tarixləri (gün, ay və il göstərilməklə) qeyd olunmalıdır); cari
tədris ilinin qiymət cədvəlindən rəsmi çıxarış (transkript);
növbəti tədris ilinin təhsil haqqına dair rəsmi invoys (olduğu
təqdirdə) daxildir. Sadalanan sənədlər səliqəli şəkildə skan
edilərək adlarına uyğun olaraq qeyd edilməlidir. Göndərilən
sənədlərin həqiqiliyinin yoxlanılması məqsədi ilə Təhsil Nazirliyi
tərəfindən müraciətçinin təhsil aldığı ali məktəbə sorğu
göndəriləcək: "Türk, rus və ingilis dilindən başqa digər dillərdə
olan sənədlər tələbə tərəfindən tərcümə olunaraq təqdim
olunmalıdır. Yalnız sənədlər tam şəkildə qeydiyyata alındıqdan
sonra növbəti tədris ili üçün yaşayış və təhsil xərclərinin ödənişi
mümkün olacaq".
Təhsil Nazirliyindən qeyd edilib ki, "2007-2015-ci
illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı"nın icrasının təkmilləşdirilməsi istiqamətində həyata
keçirilən islahatlar gələcəkdə də davam
etdiriləcək.