Subsidiyalaşmanın yeni mexanizmi işə salınır

13 May 2014 08:19 (UTC+04:00)

"Hazırda Kənd Təsərrüfatı Nazirliyi Türkiyənin və Avropanın fermerlərə maldarlığın inkişafı ilə bağlı subsidiyaların verilməsi sahəsində tətbiq etdikləri təcrübə ilə bağlı araşdırmalar aparır". Belə bir açıqlama ilə kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev çıxış edib. Onun sözlərinə görə, bununla bağlı müzakirələr davam etdirilir: "Azərbaycan maldarlıq sahəsində fermerlərə subsidiyaların verilməsi üçün xarici təcrübəni öyrənir. Çox güman ki, əldə etdiyimiz bu məlumatlar həm bitkiçilik, həm də heyvandarlıqda subsidiyaların verilməsinin təkmilləşdirilməsi təklifində əksini tapacaq".

Xarici təcrübəni şərh edən aqrar mütəxəssis Vahid Məhərrəmov bildirdi ki, Avropa təcrübəsinə görə, hər baş sağılan inək üçün təxminən gündə 2 dollar subsidiya verilir: "Bu da il ərzində 700 dollardan çox edir. Digər bir stimul kimi, hər baş ətlik, südlük mal-qara üçün fərqli subsidiya da verilir. Türkiyədə də oxşar təcrübə həyata keçirilir. Ancaq unutmaq lazım deyil ki, Avropada hər bir kənd təsərrüfarı istehsalçısı, fermer vergi ödəyicisidir. Onlarda vergi dərəcəsi yüksək olduğu üçün, onların subsidiya kimi əldə etdikləri vəsait həmin verginin ödənilməsinə kifayət etmir. Hökumət sanki onlara vergi yükünü azaltmaq məqsədi ilə subsidiya verir. Dünyanın heç bir sivil ölkəsində vergi ödəyicisinə yardım kimi elə-belə maliyyə vəsaiti verilmir. Azərbaycanda kənd təsərrüfatı məhsulu istehsalçıları bu gün vergi ödəmirlər. Vergi ödəmədikləri üçün onlara Avropada tətbiq olunan formada subsidiyanın verilməsi bu sahənin inkişafına yox, geriləməsinə gətirib çıxara bilər. Çox asan formada büdcədən maliyyə vəsaiti əldə etmək onları tənbəlliyə vərdiş etdirə bilər. Ona görə də hansısa dövlətin təcrübəsindən bəhrələnəcəyiksə, onu əvvəlcədən dərindən öyrənmək lazımdır".

Kənd təsərrüfatı üzrə digər ekspert Nizami Qarayev bildirdi ki, Azərbaycan hökuməti onsuz da kənd təsərrüfatını dəstəkləyir: "Kənd təsərrüfatına, xüsusən bitkiçiliyə subsidiyalar ayrılır. Amma "Aqrolozinq"in fəaliyyətini nəzərə almasaq, heyvandarlıqda subsidiya mexanzimi demək olar ki, qurulmayıb. "Aqrolizinq" vasitəsi ilə ölkəyə cins heyvanlar gətirilib. Onun dəyərinin 50%-i dövlət büdcəsindən maliyyələşdirilir. Bu da dövlətin heyvandalığa dəstək formalarından biridir. Amma heyvandarlıqda birbaşa fermerlərə subsidiyaların verilməsi indiyə qədər həyata keçirilməyib. Bu mənada nazirliyin qaldırdığı məsələ diqqəlayiqdir".

Ekspert bildirdi ki, Türkiyədə süni mayalanma ilə buzov indentifikasiya olunursa, ona müəyyən qədər subsidiya verilir: "Bizdə də bu mexanizmdən istifadə etmək olar ki, heyvandarlıq dövlətin dəstəyindən bəhrələnsin və həmin sektorda müəyyən inkişaf olsun. Heyvandarlıqda istifadə olunan yem, fermerlər səviyyəsində cins heyvanının alınmasını subsidiyalaşdırmaq olar. Elə Avropa ölkələrinin özündə belə təcrübə var ki, fermer heyvanın cins tərkibini dəyişirsə, dövlət ona müəyyən qədər dəstək verir. Azərbaycanda indiyə qədər yerli heyvanın hansı istiqamətdə - ətlik, südlük, ətlik-südlük olduğu bilinmir. Amma dünyada belədir ki, hansı istiqaməti inkişaf etdirmək istəyirlərsə, həmin cinsdən istifadə olunur. Azərbaycanda yəqin ki, heyvanların cins tərkibinin yaxşılaşdırılması istiqamətində işlər aparılacaq ki, ət və süd istehsalı daha yüksək səviyyədə təmin olunsun".