Şimal qonşumuzla Ukraynanın açıq müharibəsi başlanır

13 May 2014 09:05 (UTC+04:00)

Ukraynada vəziyyət günü-gündən daha kritik xarakter almaqdadır. Bu ölkənin Şərq vilayətlərində, Donetsk və Luqanskda separatçı qüvvələrin müstəqillik istiqamətində mayın 11-də keçirdikləri referendumdan sonra durumun daha da ağırlaşacağı labüddür. Qeyd edək ki, hər iki vilayətin separatçı dairələri keçirdikləri referendumu baş tutmuş elan ediblər. Belə ki, onların iddiasına görə, Donetskdə iştirak faizi 75, Luqanskda isə 79 olub. Donetskdə səsverməyə gələnlərin 96 faizi bölgənin federal subyekt olmasına "razılıq" verib. Luqanskda da nəticələr eynidir. Ukraynanın bu iki vilayətində keçirilən referendumun nəticələri Kiyev tərəfindən əvvəldən də qanunazidd addım kimi dəyərləndirilib. Qərb də beynəlxalq prinsiplərə əks olduğundan nəticələri qəbul etməyib. Lakin Ukraynanın Şərqində, o cümlədən Krımda vəziyyəti gərginləşdirməkdə ittiham olunan Rusiya hələlik məsələyə guya ki, qarışmadığını nümayiş etdirir. Beləliklə, artıq Ukrayna Krımın ardınca daha bir ağır və çətin sınaq qarşısında qalıb.

Politoloq Qabil Hüseynli düşünür ki, referendumdan sonra Ukraynada vəziyyət daha təhlükəli xarakter alacaq: "Ukraynanın şərqində keçirilən referendum ölkədə çox təhlükəli bir vəziyyət yaradıb. Rusiya həmin regionda proseslərin guya hüquqi müstəvidə getdiyini iddia edəcək və referendumun nəticələrini tanıyacaq. Bu isə həmin bölgələrdə rəsmi dövlət qurumlarının yaradılmasına rəvac verəcək. Onsuz da bütün proseslər Rusiyada hazırlanan ssenari üzrə cərəyan edir. Ümumiyyətlə, Donetsk və Luqanskda referendumun keçirilməsi baş tutmayıb. Əksər məktəblər mərkəzi hakimiyyətin nəzarəti altında olub, bülletenlərin də böyük bir qismi Ukrayna ordusu tərəfindən müsadirə edilib. Bu nöqteyi-nəzərdən referendumun harada və necə keçirilməsi hələ ki, məlum deyil. Hər halda separatçılar qondarma referendumun baş tutduğunu elan edirlər. İddia edirlər ki, referenduma əhalinin böyük hissəsi gəlib. Bundan sonra da guya ordunun yaradılması, həmin bölgələrin hakimiyyət orqanlarının formalaşdırılması prosesinə start veriləcək. Bunun ardınca, həmin vaxta qədər Kiyev bölgədə nəzarəti tam olaraq ələ ala bilməsə, onlar Ukraynadan ayrılma prosesini gündəmə gətirməyə çalışacaq. Bu məsələdə lazım gəlsə, Kiyev hökuməti müharibəyə də əl atacaq. Rusiya onsuz da proseslərə müdaxilə edir. İstər agentura şəbəkəsi, istərsə də ayrı-ayrı adamlar vasitəsilə bu ölkənin daxili işlərinə qarışır, separatçıları şirnikləndirir. Hətta, referendumun nəticələri elan edildikdən və Kiyevin qanunun bərpası istiqamətində real addımlara keçməsindən sonra, Kreml ora ordu hissələri də yeridə bilər. Bu isə artıq açıq formada təcavüz deməkdir. Belə olan təqdirdə, beynəlxalq münasibətlər həddən artıq gərginləşəcək. BMT daha aktiv şəkildə məsələyə münasibət bildirərək, Rusiyaya qarşı sanksiyaları daha da şiddətləndirə bilər. Hətta Rusiyanın BMT Təhlkəsizlik Şurasından çıxarılması məsələsi də gündəmə gələ bilər. Zənnimcə, hadisələr özünün çox təhlükəli kulminasiya nöqtəsinə daxil olub. Qərbin prinsipial mövqeyi davam edərsə, Rusiyanın bu məsələdə duruş gətirməsi çətin olacaq".

Politoloq Leyla Əliyeva da qeyd etdi ki, referendumdan sonra Ukraynada hadisələr vətəndaş müharibəsinin daha açıq xarakter almasına qədər arta bilər: "Aydın məsələdir ki, Ukraynanın Donetsk və Luqansk vilayətlərində keçirilən referendumun hüquqi əsası yoxdur. Bununla belə, buradakı Rusiyapərəst qüvvələr referendumun keçirildiyini elan edirlər. Hətta onların iddiasına görə, iştirak edənlərin böyük əksəriyyəti referendumda qoyulan məsələyə müsbət rəy bildirib. Yəni ümumi mənada, guya həmin bölgələrin Ukraynadan ayrılmasına səs veriblər. Belə bir olayın ardınca bölgədəki Rusiyapərəstlər nəticələrin elan edilməsinin ardınca saxta dövlət strukturlarının yaradılması istiqamətində fəaliyyətə keçəcək. Yəni, separatçıların növbəti addımları məhz bundan ibarət olacaq. Hətta, gözləniləndir ki, bu istiqamətdə Donetsdə və Luqanskda olan separatçılar qüvvələrini birləşdirsinlər. Rəsmi Kiyevə gəldikdə, baş verən olaylara cavab olaraq, mərkəzi hakimiyyətin daha ciddi fəaliyyətə keçəcəyi də birmənalıdır. Yəni, Kiyev hökuməti Krımda olduğu kimi, hadisələrə kənardan baxmaqla kifayətlənməyəcək. Qeyd edim ki, Krım hadisələri ərəfəsi, Kiyevin yeni hökuməti yenicə formalaşdığından, buradakı proseslərə ciddi reaksiya vermək gücündə olmayıb. Belə ki, yarımadadakı hökumət qoşunları Krıma müdaxilə edən rus ordusuna və hərbi dəniz donanmasına demək olar ki, hər hansı bir müqavimət göstərmədi. Bu da onunla bağlı idi ki, Yanukoviç hökuməti yarımadada yerləşən Ukrayna hərbi qüvvələrinə rəhbərliyi əsasən özünə sadiq adamlardan formalaşdırmışdı. Ona görə də, Ukraynanın yeni hökuməti burada Rusiya qüvvələrinə qarşı ciddi nəsə edə bilmədi. Amma Ukraynanın şərq əyalətləri məsələsində vəziyyət artıq fərqlidir. Yeni hökumət hərbidə həyata keşirdiyi bir sıra kadr dəyişiklikləri və atdığı bəzi addımları ilə vəziyyəti ümumən öz nəzarəti altına ala bilib. Ona görə də, Donetsk və Luqanskda keçirilən referendumdan sonra Kiyevin Krımdan fərqli olaraq, proseslərə daha ciddi şəkildə müdaxilə edəcəyi gözləniləndir. Bu isə o deməkdir ki, yaxın günlərdə, hətta bəlkə saatlarda Ukrayna ordusu separatçılara qarşı mübarizənin daha aktiv fazasına keçəcək. Çünki, artıq neçə deyərlər "bıçaq sümüyə dirənib". Separatçıların qarşısı alınmadıqca, onlar daha da quduzlaşaraq, digər şərq bölgələrinin də anoloji addımlar atmasına çalışacaqlar. Bir sözlə, referendumdan sonra bu ölkədə vətəndaş müharibəsi daha açıq fazaya keçə bilər. Rusiyaya gəldikdə, hələlik onlar gözləmə mövqeyi tutduqlarını nümayiş etdirmək istəyir. Amma referendumun nəticələrinin elan edilməsindən sonra, Moskva dünya birliyinin etirazına baxmayaraq, birmənalı olaraq onu tanıyacaq. Lakin Krım olayından fərqli olaraq, Kremlin Ukraynanın şərq vilayətlərinə özünün qoşun hissələrini göndərəcəyi elə də ağlabatan deyil. Düzdür, hadisələrin indiki situasiyasında nə desən baş verə bilər. Amma Moskva üçün də aydındır ki, bu dəfə onlar Krımda olduğu kimi, hər hansı bir itki vermədən Ukraynanın şərqinə müdaxilə edə bilməyəcək. Əksinə, Rusiya hərbi müdaxiləyə keçərsə, Ukrayna ordusunun ciddi müqaviməti ilə üz-üzə qalacaq. Belədə isə Rusiya çoxsaylı itkilər verəcək. Digər tərəfdən, Rusiya Qərbin daha ağır və ciddi sanksiyalarına tuş gələcək ki, bu da tezliklə Moskvanı cətin duruma salacaq. Zənnimcə, Moskva birbaşa müdaxilə etməyəcək. Amma əvvəllər olduğundan da artıq dərəcədə Rusiyapərəst separatçıları dəstəkləməkdə, onları silahlandırmaqda israrlı olacaq. Hətta daha çox miqdarda öz hərbçilərini başqa ad altında şərq vilayətlərinə göndərməkdə davam edəcək. Burada özünün agentura şəbəkəsini bir qədər də gücləndirəcək. Hər halda aydındır ki, Rusiya Ukraynanın şərqində vəziyyətin rəsmi Kiyevin qanuni istəyinə uyğun istiqamətdə cərəyan etməməsi üçün əlindən gələn bütün pisliklərdən istifadə etməyə çalışacaq".