Həsən Əliyev küçəsində yolun təmirinə başlandı

13 May 2014 14:10 (UTC+04:00)

Bakının Həsən Əliyev küçəsində hərəkəti saxlamadan, frez mexanizmi vasitəsilə köhnə asfalt-beton örtüyünün qaşınması işlərinə başlanılıb. Bunu Trend-ə açıqlamasında Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib. Onun sözlərinə görə, mayın 14-dən isə asfalt-beton örtüyünün vurulmasına hazırlıq işləri görüləcək. Təmir işləri təxminən 500 m məsafəni əhatə edir. P.Mürsəliyev qeyd edib ki, bununla əlaqədar mayın 13-dən 14-nə keçən gecə saat 00:00-dan Həsən Əliyev küçəsinin Atatürk prospekti ilə kəsişməsindən Ceyhun Hacıbəyli küçəsi ilə kəsişməsinədək olan hissəsi nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanacaq. Yolun həmin hissəsinin 4 gün tam bağlı olacağı gözlənilir.