Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinə Azərbaycan vətəndaşları üçün tələbə qəbulu elan edilib

13 May 2014 15:36 (UTC+04:00)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2014/2015-ci tədris ili üçün Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinə (MDBƏU) Azərbaycan Respublikası vətəndaşları üçün tələbə qəbulu elan edir. TQDK-nın mətbuat xidmətindən Movqe.az-a erilən xəbərə görə, MDBƏU-də Azərbaycan Respublikası vətəndaşlarının təhsil alması üçün 3 yer ayrılıb. Müsabiqədə iştirak etmək hüququna mayın 15-dək 19 yaşı tamam olmayan, attestat qiymətləri (cari ilin məzunlarının birinci yarım il üzrə qiymətləri) 4 və 5 olan Azərbaycanın vətəndaşları malikdirlər. Ali məktəb tələbəsi və ya məzunu olan şəxslər bu müsabiqədə iştirak etmək hüququna malik deyillər. Müsabiqədə iştirak etmək istəyən abituriyentlər TQDK-da təşkil edilmiş Sənəd Qəbulu Komissiyasında qeydiyyatdan keçməlidirlər. Qeydiyyat mayın 14-dən 26-dək (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək aparılacaq.  Müsabiqə iki mərhələdən ibarətdir. I mərhələdə abituriyentlər TQDK tərəfindən keçiriləcək test imtahanında iştirak edirlər. "Beynəlxalq iqtisadi əlaqələr" və "Beynəlxalq münasibətlər" ixtisasına qəbul olmaq istəyənlər II ixtisas qrupu üzrə, "Beynəlxalq hüquq" ixtisasına qəbul olmaq istəyənlər III ixtisas qrupu üzrə imtahan verirlər. Test imtahanı mayın 30-da keçiriləcək. Test imtahanı nəticəsində 500 və daha yüksək bal toplayan, xarici dil fənnindən nisbi balı 50-dən az olmayan abituriyentlər müsahibəyə buraxılacaqlar. Müsahibə iyunun 2-də keçiriləcək. Müsahibədə Azərbaycan bölməsi abituriyentlərinin rus dilini, rus bölməsi abituriyentlərinin isə Azərbaycan dilini bilmə səviyyəsi (müvafiq dillərdə inşa yazmaqla), eləcə də ümumi dünyagörüşü yoxlanacaq. Müsabiqədə ən yüksək nəticə göstərən 3 nəfərin namizədliyi MDBƏİ-yə ödənişsiz təhsil forması üzrə təhsil alması üçün təqdim olunacaq. İkinci mərhələ MDBƏİ tərəfindən Moskva şəhərində cari il iyun ayının 27-də aparılacaq. Bu mərhələdə abituriyentlərin seçdikləri fakültədən asılı olmayaraq rus dilindən bilikləri (şifahi və yazılı) yoxlanacaq. "Beynəlxalq iqtisadı əlaqələr fakültəsi"nə qəbul olmaq istəyənlər bundan əlavə riyaziyyatdan da imtahan verməlidirlər. İkinci mərhələ imtahanının məzmunu, nümunə tapşırıqları və digər zəruri məlumatları www.mgimo.ru saytından əldə etmək olar.