Yunan Kipri Türkiyəni təhdid edib

6 Aprel 2012 16:00 (UTC+04:00)

Avropa İttifaqında (Aİ) sədrlik etməyə hazırlaşan Yunan Kiprinin rəhbərliyi Türkiyəni açıq-aşkar təhdid edib. Cənubi Kiprin xarici işlər naziri Erato Kozakou-Markoullis bildirib ki, Kipr yunanlarının Avropa İttifaqına sədrlik edəcəyi dövrdə Türkiyənin bu qurumla əməkdaşlığı dayandırması, onun üzvlük perspektivlərinə mənfi təsir göstərəcək.

Ermənistana rəsmi səfər çərçivəsində həmkarı Edvard Nalbandyanla görüşən Kozakou-Markoullis, Türkiyənin Yunan Kiprinin sədrliyi dövründə Aİ ilə əlaqələrini dondura biləcəyinə dair açıqlamalarına toxunub. Kozakou-Markoullis deyib: "Türkiyə Avropa İttifaqı tərəfindən Avropa Şurası səviyyəsində olduqca sərt və açıq cavab alıb. Türkiyənin təhdidləri Aİ xarici işlər nazirləri tərəfindən də pislənib. Əgər Türkiyə əməkdaşlıq etməməyi seçsə, bu onun üzvlülük perspektivlərinə mənfi təsir göstərəcək, zərər verəcək. Namizəd ölkə belə davranmamalıdır, çünki bunun nəticələri pis olacaq".

Xarici işlər naziri Kipr türkləri və yunanları arasında 150-dən çox görüş keçirildiyini, ancaq mülklər və sərhəd kimi vacib mövzularda irəliləyiş əldə edilmədiyini deyib.