“Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların ləng getməsindən narahatıq”
30 İyun 2012 13:58 (UTC+04:00)
APA-nın xəbərinə görə, bunu Avropa Birliyi (AB) Şurasının
prezidenti Herman Van Rompey regiona səfəri ərəfəsində
"Armenpress"ə müsahibəsində bildirib.
Onun sözlərinə görə, son günlər
Ermənistan-Azərbaycan sərhədində və iki ölkənin silahlı
qüvvələrinin təmas xəttində baş verən zorakı insidentlər haqqında
məlumatlardan həyəcanlanıb: "Faciəvi və lüzumsuz insan itkiləri ilə
bağlı başsağlığı verirəm".
Herman Van Rompey qeyd edib ki, bu münaqişəni
hərbi gücdən istifadə etməklə həll etmək mümkün deyil: "Dağlıq
Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə həlli Avropa və Asiya
arasındakı qapıların tam və stabil dəyişikliyinə gətirib çıxara
bilər".
O, AB-nin ATƏT-in Minsk Qrupuna münaqişənin
həllində kömək göstərmək niyyətini təsdiqləyib: "Amma razılaşma
əldə olunmasının məsuliyyəti Ermənistan və Azərbaycanın
üzərindədir. Avropa Birliyi dəfələrlə ATƏT-in Minsk Qrupunun işinə
kömək edəcək etimad mühitinin yaradılmasına yardım etməyə hazır
olduğunu bəyan edib".
Avropa Parlamentinin bu yaxınlarda qəbul etdiyi və
tərəfləri AB-nin xüsusi nümayəndəsini Dağlıq Qarabağa buraxmağa
çağıran qətnamə ilə bağlı sualı cavablandıran Herman Van Rompey
deyib ki, bu sənəd heç bir formada Dağlıq Qarabağın tanınması
anlamına gəlmir.