Azərbaycanda 2012-2013-cü tədris ili üçün müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qəbuluna başlanılıb
1 İyul 2012 13:10 (UTC+04:00)
Azərbaycanda 2012-2013-cü tədris ili üçün
müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qəbuluna
başlanılıb.
Təhsil Nazirliyindən APA-ya verilən
məlumata görə, ümumilkdə bu il 3270 vakant müəllim yeri üzrə
müsabiqə aparılacaq. Onların 293-ü Bakı şəhəri, 2977-si isə
respublikanın digər rayon və şəhərləri
üzrədir.
Vakant müəllim yerlərinin 48-i peşə leseylərinin
payına düşür. Bakı məktəblərindəki vakant yerlərin 237-si
Azərbaycan, 56-sı rus bölməsi üzrədir. Bölgələrdəki vakant yerlərin
isə 2886-sı Azərbaycan, 91-i rus bölməsinin payına
düşür.
Bakı şəhəri üzrə daha çox fiziki tərbiyə
müəlliminə ehtiyac var. Bu fənn üzrə vakant yerlərin sayı 45-dir.
Sonrakı yerlər isə ibtidai sinif müəllimliyi (39), ingilis dili
(37), informatika (25), riyaziyyat (23), coğrafiya (21), gənclərin
çağırışaqədərki hazırlığı (20) və digər fənlər
üzrədir.
Azərbaycanın bölgələrində isə daha çox coğrafiya
müəlliminə ehtiyac var. Bu fənn üzrə vakant yerlərin sayı 407-dir.
Sonrakı yerləri kimya (373), biologiya (341), Azərbaycan dili və
ədəbiyyat (326), fizika (281), riyaziyyat (248), tarix (243),
ingilis dili (210), informatika (156), ibtidai sinif müəllimliyi
(104) və digər fənlər tutur.
Müsabiqədə iştirak etmək üçün elektron ərizələrin
doldurulması iyulun 15-dək davam edəcək.