Bu gün uşaqların günüdür
1 İyun 2014 10:21 (UTC+04:00)
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi
Günüdür.
Movqe.az xəbər verir ki, BMT Baş Assambleyasının
1950-ci il iyunun 1-də təşkil etdiyi qadınların beynəlxalq
konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər
səslənib və elə həmin konfransda da iyunun 1-ni uşaqların
müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün
uşaqların beynəlxalq müdafiəsi günü kimi tarixə
düşüb.
Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün
Azərbaycanda da qeyd edilir. Uşaqlar Azərbaycanda əhalinin təxminən
30 faizini təşkil edir. Ölkəmizdə uşaq və yeniyetmə yaşında olan
gənclərin təxminən 95 faizi təhsil alır. Onların böyük bir qismi
pulsuz tibbi xidmətlə təmin olunub.
Həkimlərin fikrincə, uşaqların arasında
xəstəliklərin əsas səbəblərindən biri onların erkən yaşlardan işə
cəlb edilməsidir. Azərbaycanda əsasən paytaxt küçələrində, gül
satan, ayaqqabı boyayan, maşın şüşəsi silən uşaqlara da rast
gəlinir.
Azərbaycanda uşaqların vəziyyəti ilə bağlı əsas
problemlərdən biri də uşaq alveridir. Artıq bunun qarşısının
alınması, kökünün kəsilməsi və cinayətkarların cəzalandırılması
istiqamətində müəyyən tədbirlər görülür.
Son illər uşaqların valideynləri tərəfindən
zorakılığa məruz qalması ilə bağlı halların artması da həyəcan
yaradan hallardandır. Digər vacib problem internatlardan uşaqların
ailələrə verilməsidir. Hazırda ölkədə 50-yə qədər internat məktəbi
fəaliyyət göstərir . Onların himayəsində təxminən 20 mindən çox
uşaq var. 5000 mindən çox uşaq isə valideyn himayəsindən
məhrumdur.
Azərbaycanda 300 min qaçqın və məcburi köçkün
uşağın olması da uşaq probleminin həllinə mənfi təsir göstərən
amildir. Bütün bunlara baxmayaraq, nikbin faktlar da mövcuddur.
Məsələn, son 12 ildə körpə və uşaqlar arasında ölüm əmsalı iki dəfə
azalıb.