Azərbaycan paytaxtında məcburi köçkünlərin məskunlaşdığı binada yenidən güclü yanğın olub, 23 sakin təxliyə edilib
1 İyul 2012 15:01 (UTC+04:00)
Binəqədi rayonunda
yerləşən həmin binada iyunun 13-də də güclü yanğın baş
vermişdi
Bakı – APA. Bakıda məcburi köçkünlərin məskunlaşdığı binada güclü
yanğın olub. APA-nın
Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi
məlumata görə, Bakı şəhəri, Binəqədi rayonunda tikintisi başa
çatmamış doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində
vətəndaşlara məxsus ümumi sahəsi 43 kv.m olan ikiotaqlı mənzilin 1
otağının yanar konstruksiyaları 10 kv.m sahədə, eyvanın taxta
konstruksiyaları və ev əşyaları 7 kv.m sahədə, 7-ci mərtəbədə ümumi
sahəsi 55 kv.m olan ikiotaqlı mənzilin 1 otağının yanar
konstruksiyaları isə 6 kv.m sahədə, eyvanın taxta konstruksiyaları
və ev əşyaları 7 kv.m sahədə yanıb.
Yanğın zamanı yuxarı mərtəbələrdən 23 sakin yanğınsöndürənlər
tərəfindən təxliyə edilib. Mənzillərin qalan hissəsi və qonşu
mənzillər yanğından mühafizə olunub.
Yanğın saat iyulun 1-də saat 05:43-də yanğınsöndürənlər tərəfindən
söndürülüb.
Qeyd edək ki, həmin binada iyunun 13-də də güclü yanğın baş
vermişdi. Yanğın nəticəsində bir neçə nəfər xəsarət almışdı. Həmin
yanğın nəticəsində evləri yanaraq sıradan çıxmış bir neçə məcburi
köçkün ailəsi yeni mənzillərlə təmin edilib.
Binada Qubadlı, Cəbrayıl, Zəngilan, Ağdam və Füzuli rayonlarından
olan məcburi köçkünlər məskunlaşıb.